
Ermənistan hökuməti bildirir ki, Baş nazirin Aparat rəhbəri Arayik Harutyunyan Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibin müavini və siyasi məsələlər üzrə direktoru Olof Skuqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüş zamanı Ermənistan-Aİ münasibətləri prosesi, siyasi və təhlükəsizlik məsələləri üzrə bu yaxınlarda başlayan strateji dialoqun gündəliyi, eləcə də ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib.
Tərəflər ikitərəfli münasibətlərdə formalaşan dinamikanı müsbət qiymətləndirib və ortaq dəyərlər və strateji maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Arayik Harutyunyan institusional dayanıqlığın gücləndirilməsi üçün atılan addımlara toxunub və Aİ-nin davamlı dəstəyinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin 3-4 may 2026-cı il tarixlərində Yerevanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı və ilk Ermənistan-Aİ Zirvə Toplantısına hazırlıq işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, bu yüksək səviyyəli tədbirlər Ermənistan və Avropa İttifaqı arasında artan qarşılıqlı etimad və strateji tərəfdaşlığı əks etdirir”, – deyə bəyanatda bildirilir.







