Başlıcaİdman

Ermənistanın BF baş katibi: “Azərbaycan komandasının Ermənistana gəlməyəcəyi gözlənilən idi”

Fevralın 5-də keçirilən püşkatmadan sonra məlum olub ki, Azərbaycan komandası Yerevanda keçiriləcək 16 yaşadək basketbol üzrə Avropa çempionatının C divizionunda iştirak etməyəcək.

Ermənistan Basketbol Federasiyasının baş katibi Artur Nazaryan Factor TV-yə müsahibəsində bildirib ki, hadisələrin bu cür inkişafı gözlənilən idi.

“Keçən ilin dekabrında Ermənistan Basketbol Federasiyası hökumətə müraciət etmişdi və ən yüksək səviyyədə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının təhlükəsizliyinin təmin ediləcəyinə dair zəmanət məktubu almışdı.

 Biz həmin zəmanət məktubunu FİBA Avropaya təqdim etmişdik. Lakin sonradan Azərbaycan iştirakdan imtina etdi. Bu, bizim üçün müəyyən mənada gözlənilən idi, çünki söhbət yeniyetmə yığmalarından gedir və burada qərar verənlər əsasən valideynlər olur.

İki il əvvəl Bakıda 18 yaşadək basketbolçular arasında çempionat keçiriləndə biz gedə bilmədik, çünki basketbolçuların valideynləri qəti şəkildə etiraz edirdilər və məsələ hətta ciddi müzakirə mərhələsinə də çatmadı” – deyə Artur Nazaryan bildirib.

Xatırladaq ki, Azərbaycan yığması 2025-ci ilin yayında Yerevanda keçirilmiş 20 yaşadək basketbolçular arasında Avropa çempionatının B divizionunda da iştirak etməmişdi.

Yerevan 16 yaşadək basketbolçular arasında Avropanın C divizionu çempionatına iyulun 4-dən 12-dək ev sahibliyi edəcək. Ermənistanın U16 yığması B qrupuna düşüb və burada Cəbəllütariq, Andorra, Malta və Monako komandaları ilə mübarizə aparacaq. A qrupunda isə Kosovo, Albaniya, San-Marino və Moldova yığmaları yer alıb.

Daha çox göstər
Back to top button