
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens “Ermənistan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında nüvə enerjisinin sülh məqsədləri üçün istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişin danışıqlarının başa çatması ilə bağlı birgə bəyannamə”ni imzaladılar.

“Bu saziş, Ermənistan və ABŞ arasında dərinləşən enerji tərəfdaşlığı sahəsində yeni səhifə açacaq, Ermənistanın enerji resurslarının müxtəlifləşdirilməsinə təhlükəsiz və innovativ texnologiyaların cəlb edilməsi yolu ilə kömək edəcək.
Mən həmçinin nüvə təhlükəsizliyi sahəsində ABŞ tərəfindən Ermənistana göstərilən uzunmüddətli dəstək üçün minnətdarlığımı bildirdim və iki ölkə üçün ən vacib istiqamətlərdə sahə əməkdaşlığını daha da inkişaf etdirməyə hazır olduğumu ifadə etdim” – deyə Paşinyan qeyd edib.
Verilən məlumata görə, imzalama mərasimindən öncə Paşinyan və Vensin təkbətək görüşü olmuşdur.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vens 9 fevralda Ermənistana rəsmi səfərlə gəlmişdir. ABŞ vitse-prezidenti Ermənistana həyat yoldaşı və uşaqları ilə birlikdə gəlmişdir.
Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens arasında təkbətək görüş, həmçinin genişləndirilmiş tərkibdə görüş keçirilmişdir.







