
Ermənistanda Avropa Birliyinin müşahidə missiyasının gələcək fəaliyyəti ilə bağlı məsələ AB tərəfindən Ermənistan hökuməti ilə payızda Brüsseldə müzakirə olunacaq
Verilən məlumata görə, bu barədə Ermənistanda AB missiyasının 3-cü ildönümü münasibətilə keçirilən tədbirdə jurnalistlərlə söhbət zamanı missiyanın rəhbəri Markus Ritter bildirib.
“Razılaşdığımız məsələ ondan ibarətdir ki, hazırkı fəaliyyətimizi davam etdirəcəyik. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanıb ratifikasiya olunana qədər sərhədə yaxın ərazilərdə patrul xidməti aparmağa və orada baş verən hadisələr barədə hesabat verməyə davam edəcəyik.
Payızda Avropa Birliyi Brüsseldə missiyanın gələcəyi ilə bağlı məsələləri müzakirə edəcək” – deyə Ritter vurğulayıb.
Ritter həmçinin AB müşahidə missiyasının təxminən üç il ərzində gördüyü işlər, fəaliyyət istiqamətləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında missiyanın rolu barədə danışıb.
“Biz Ermənistana gəldikdə sərhəddə ciddi gərginlik var idi, atışmalar baş verirdi, hətta həlak olan və yaralanan hərbçilər var idi.
Bu, kifayət qədər çətin bir dövr idi. Həmin günlərdə biz başa düşdük ki, sərhədyanı yaşayış məntəqələrinin əhalisi yeni toqquşma ehtimalından qorxurdu.
Sakinlər yeni və açıq münaqişənin baş verməsindən narahat idilər, lakin bu baş vermədi. Bu baxımdan deyə bilərəm ki, missiya uğurla həyata keçirilib. Vəziyyət sakit və dincdir” – deyə Markus Ritter vurğulayıb və əlavə edib ki, bu sakit vəziyyət Ermənistan və Azərbaycana danışmaq və hələ də mövcud olan problemləri sülh yolu ilə həll etmək imkanı yaradır.
Xatırladaq ki, Markus Ritter artıq Ermənistandakı səlahiyyət müddətini başa vurur. AB müşahidə missiyası Ermənistanda 2023-cü ildə iki il müddətinə yerləşdirilmişdi. 2025-ci ilin yanvarında AB Şurası missiyanın mandatını daha iki il uzatmaq barədə qərar qəbul edib.
Missiya Ermənistan-Azərbaycan sərhədində patrul xidməti aparır, yerində təhlükəsizlik vəziyyətini müşahidə və hesabat edir. Missiyanın məqsədi münaqişədən zərər çəkmiş Ermənistan bölgələrində insanların təhlükəsizliyinə töhfə vermək və yerində etimad mühitinin formalaşmasına dəstək olmaqdır.
Ermənistan və Azərbaycan arasında Vaşinqtonda paraflanmış sülh sazişində bir maddə var ki, saziş imzalanıb qüvvəyə mindikdən sonra tərəflər bir-birinin dövlət sərhədində üçüncü ölkələrin qüvvələrini yerləşdirməmək öhdəliyi götürürlər.







