
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün əri Prezident İlham Əliyevlə birlikdə Almaniyada olan Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva, azərbaycanlı jurnalist Emin Hüseynovdan ölkədəki demokratiyanın vəziyyəti barədə soruşmağa çalışdıqda, bir vaxtlar İsveçrə səfirliyində qadın geyimində gizləndiyini söylədi.
Emin Hüseynov Mehriban Əliyevaya ondan Azərbaycandakı demokratiya ilə bağlı sual vermək istədiyini deyəndə, Azərbaycan vitse-prezidenti dedi: “Səfirlikdə qadın geyimində gizlənməmisiniz? Sizə can sağlığı arzulayıram”.
2014-cü ildə Azərbaycan Baş Prokurorluğu Emin Hüseynovun rəhbərlik etdiyi “Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi İnstitutu” təşkilatına qarşı cinayət işi açdı və jurnalistin ölkədən çıxışına qadağa qoyuldu. Hüseynov o vaxt özünün və rəhbərlik etdiyi QHT-nin fəaliyyətinin siyasi motivli təzyiqlərə məruz qaldığını iddia etdi. O dövrdə Azərbaycan rəsmiləri cinayət işinin maliyyə pozuntuları ilə əlaqəli olduğunu iddia edirdilər.
Emin Hüseynov həbs olunmamaq və təhlükəsizliyini təmin etmək üçün İsveçrənin Bakıdakı səfirliyində gizlənirdi. O, 2015-ci ildə mühacirət edib. Sosioloq Sənubər Heydərli Meydan TV-yə bildirib ki, Mehriban Əliyevanın jurnalistin sualına verdiyi cavabdan Əliyevlər ailəsinin çox qəzəbli olduğu görünür. “Bu hakim ailə adətən müstəqil jurnalistlərin suallarını qulaqardına vurur. Bu dəfə onlar Mehman Hüseynovun gəlinləri Alyona Əliyeva haqqında yayımladığı videolara görə qəzəbləndikləri üçün cavab verdilər.
Təəssüf ki, birinci vitse-prezident qadın olmasına baxmayaraq, qadın geyimlərindən bəhs edərək jurnalisti təhrik etməyə çalışır. Bu cavabla biz həmçinin Azərbaycan hakimiyyətinin qadın hüquqları və onların Azərbaycandakı müxtəlif proseslərdəki rolu barədə danışmasının nə qədər yad olduğunu görürük”, – deyə o bildirib. Emin Hüseynovun qardaşı, blogger Mehman Hüseynov uzun müddətdir ki, prezident ailəsi, xüsusən də Əliyevlərin gəlini Alyona Əliyeva haqqında bir sıra videolar yayımlayır.
Mehman Hüseynov qeyd edib ki, videolar onun yataq otağına gizli kameraların quraşdırılmasına cavab olaraq çəkilib. Mehriban xanımdan əvvəl Emin Hüseynov İlham Əliyevə sual verərək, onu müstəqil medianın suallarını cavablandırmağa çağırmışdı. Cavab olaraq, Əliyev bildirib ki, “dünyada müstəqil media yoxdur”.
Qeyd etmək lazımdır ki, dərc etdiyi videolarda Mehman Hüseynov bildirir ki, Əliyevlərin gəlini əsl adının Alyona Qonçardır. O, Odessadan olan ukraynalıdır və gecə klublarını çox sevir. Onun bir sıra şəkilləri də internetdə yayılıb.
Qeyd olunur ki, Alyona əvvəllər iddia olunduğu kimi, Rusiyada yaşayan iş adamı Qod Nisanovun qızı deyil. Hüseynovun sözlərinə görə, 2018-ci ildə kiçik Heydər Əliyevin hərbi xidmətdə olduğu elan ediləndə o, əslində xidmət etməyib, Fransada olub və orada Alyona ilə tanış olub.







