
Ruben Vardanyanın beynəlxalq vəkili Cared Genser X sosial şəbəkəsindəki mikrobloqunda Prezident Donald Trampı açıq şəkildə verdiyi vədi yerinə yetirməyə və bütün erməni əsirlərin azad edilməsini təmin etməyə çağırıb։
“Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanı saxta ittihamlarla 20 il azadlıqdan məhrum etməsi sadəcə ədalətin məsxərəyə qoyulmasıdır.
Hörmətli sahibkar və xeyriyyəçi Ruben Vardanyanın yeganə “cinayəti” Dağlıq Qarabağın erməni xristian əhalisinin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməsi idi.
Həmin insanların təxminən 120 mini Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş etnik təmizləmə nəticəsində Ermənistana köçməyə məcbur olub.
Məhkəmə prosesi tamamilə saxta idi, çünki mülki şəxslərin hərbi məhkəmədə mühakimə olunması qanunsuzdur.
Məhkəmə iclası həmçinin gizli keçirilib və çoxsaylı prosessual pozuntularla müşayiət olunub. Bunlara vəkil ilə əlaqə saxlamaq üçün edilən çoxsaylı müraciətlərin rədd edilməsi, məhkəmə tərəfindən onlarla vəsatətin nəzərə alınmaması daxildir.
Halbuki həmin vəsatətlər Azərbaycan qanunvericiliyinə görə bir neçə gün ərzində baxılmalıdır.
Bundan əlavə, çağırılmış “şahidlərin” təqdim etdiyi bütün “sübutlar” şayiələrdən ibarət idi və buna görə də onların sübut kimi qəbul edilməsi qanunsuz idi.
Hər bir şahid özü və ya ailə üzvlərinin erməni hərbçiləri və ya digər silahlı qruplar tərəfindən hücuma məruz qaldığını iddia edirdi, lakin Ruben Vardanyanı bu hadisələrlə əlaqələndirən “sübut” yalnız onun təqsirli olması barədə Azərbaycan dövlət mediasında eşitdikləri idi. Bu isə, sübut sayıla bilməz.
Beləliklə, Ruben Vardanyanın hökmü həm beynəlxalq, həm də Azərbaycan qanunlarını pozur və o, digər 19 erməni xristian siyasi məhbus və hərbi əsirlə birlikdə dərhal və qeyd-şərtsiz azad edilməlidir.
Mən Prezident Donald Trampı Ermənistanın Baş naziri Nikol Paşinyana verdiyi açıq vədi yerinə yetirməyə və onların hamısının prezident Əliyev tərəfindən azad olunmasını təmin etməyə çağırıram ki, onlar təhlükəsiz şəkildə Ermənistana qayıda bilsinlər”.







