
Tarixin, xüsusilə də İkinci Dünya müharibəsi hadisələrinin yenidən yazılması hibrid müharibənin tərkib hissəsidir. Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Gurgen Arsenyan “Rossiya 1” dövlət televiziya kanalına müsahibəsində bildirib.
“Bu, istənilən ölkəyə qarşı hibrid müharibənin çox güclü elementidir. Kimisə tarixi yenidən yazmağa məcbur etdiyiniz zaman” – deyə diplomat qeyd edib.
O, həmçinin vurğulayıb ki, tarixin, xüsusilə də İkinci Dünya müharibəsi hadisələrinin yenidən yazılması yolverilməzdir. “Bu, bizim ortaq qələbəmizdir” – deyə Arsenyan bəyan edib.
Səfir əlavə edib ki, Böyük Vətən müharibəsində 500 mindən çox etnik erməni döyüşüb. Daha 100 min nəfər isə müttəfiq orduların (əsasən ABŞ və Fransanın) sıralarında vuruşub.
Ermənistan SSR 200 mindən çox insan itirib ki, bu da onun əhalisinin 13%-ni təşkil edib. Bu göstərici SSRİ-də ən yüksək göstəricilərdən biri olub. 107 erməni Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi Muzeyində yenilənmiş sərgini Moskvada fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin 100-dən çox təmsilçisi ziyarət edib.







