MTX: “Bu günlərdə Amasiyada görünən azərbaycanlılar 2013 və 2014-cü illərdə də Ermənistan Respublikasına səfər ediblər”

Son günlər sosial şəbəkələrdə azərbaycanlıların Ermənistan Respublikası ərazisində sərbəst hərəkət etməsi barədə paylaşım və video yayılmışdı.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Factor.am-ın sorğusuna cavab olaraq təsdiqləyib ki, sözügedən şəxslər milliyyətcə azərbaycanlıdırlar, eyni zamanda vurğulayıb ki, onlar Rusiya Federasiyasının vətəndaşlarıdır.
“Həmin şəxslər milliyyətcə azərbaycanlı, Rusiya Federasiyasının vətəndaşlarıdırlar. Onlar Ermənistan Respublikasına daxil olub və ölkədən Ermənistanın dövlət sərhədinin “Bağrataşen” buraxılış məntəqəsi vasitəsilə çıxıblar. Səfər özəl xarakter daşıyıb” – deyə MTX-nin cavabında bildirilir.
MTX Factor.am-a həmçinin məlumat verib ki, həmin şəxslərdən biri 2013-cü ildə, digəri isə 2014-cü ildə də Ermənistan Respublikasına səfər edib.







