
Fevralın 24-də ABŞ Ticarət Palatası ABŞ-dakı Ermənistan səfirliyi ilə birgə “Ermənistan” proqramı çərçivəsində bir sıra Amerika şirkətlərinin nümayəndələrinin iştirak etdiyi dəyirmi masa müzakirəsi təşkil edib.
Bu barədə ABŞ-dakı Ermənistan səfirliyindən məlumat verilib.
Açılış nitqi ilə Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi və Ermənistanın səfiri Narek Mkrtçyan çıxış ediblər.
Müzakirə zamanı erməni-amerikan iqtisadi əməkdaşlığının inkişaf perspektivlərinə, biznes əlaqələrinin genişləndirilməsinə və əməkdaşlığın institusionallaşdırılmasının əhəmiyyətinə toxunulub.
Səfir Mkrtçyan çıxışında Ermənistanda texnoloji mühitin inkişafı üçün yaradılmış əlverişli şəraiti vurğulayaraq bildirib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistana tarixi səfərindən sonra daha sistemli əməkdaşlıq üçün yeni imkanlar formalaşıb.
Dəyirmi masa müzakirəsində tərəflərin uzunmüddətli və davamlı iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqları bir daha təsdiqlənib.







