
Ermənistanın Baş naziri əmindir ki, Ermənistanla Türkiyə arasında quru sərhədinin açılmasında tezliklə müəyyən irəliləyişlər olacaq.
Nikol Paşinyan bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və Polşadakı analitik mərkəzlərin nümayəndələri ilə görüş zamanı müzakirə iştirakçılarından birinin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı sualını cavablandırarkən bildirib.
“Türkiyə ilə çox müsbət dialoqumuz var, daim görüşlərimiz, məsləhətləşmələrimiz olur, amma təbii ki, görməyi ümid etdiyimiz ən vacib hadisə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və təbii ki, quru sərhədinin açılmasıdır. Hava sərhədi açıq olduğundan, Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız olduğundan, niyə quru sərhədindən bəhs edirəm. Və mənim gözləntilərim ikitərəfli uçuşların həcminin artacağıdır, amma təbii ki, quru sərhədinin də açılacağına ümid edirik. Yeri gəlmişkən, Türkiyə ilə sərhəddə yeni infrastruktura ehtiyacımız olacaq və hazırda Aİ-nin bu məsələni necə dəstəkləyə biləcəyini müzakirə edirik. Proses davam edir və əminəm ki, çox tezliklə nəsə görəcəyik”, – Paşinyan bildirib.
O əlavə edib ki, sərhədin açılması ilə bağlı ümumi bir anlayışın olduğu təəssüratı var, amma bu, Türkiyənin qərarından asılıdır.
“Ermənistan tərəfindən heç bir maneə yoxdur, biz bunu istənilən vaxt etməyə hazırıq. Son aylarda bir neçə dəfə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün marşrut təmin etməyə də hazır olduğumuzu bildirmişik. İnfrastruktur bunun üçün tamamilə hazırdır və biz Türkiyənin qərarını gözləyirik”, – deyə Nikol Paşinyan vurğulayıb.







