
Ermənistanın inkişaf prioritetlərinin nə olduğu sualına cavab verərkən, Baş nazir Nikol Paşinyan Varşavada Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici ölkələrin səfirləri, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə bunların sülh, sabitlik, demokratiya və iqtisadi rifah olduğunu bildirib.
Varşavada Ermənistanın Baş naziri region və Ermənistan üçün bir sıra əsas məsələlərdən danışıb, may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşünə toxunub.
Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşada olub. O, Polşada həmçinin erməni icmasının nümayəndələri ilə də görüşüb.
Azərbaycan Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşündə iştirak etməyəcək. Xarici İşlər naziri Ceyhun Bayramov bəyan edib ki, “Azərbaycanın müxtəlif səviyyələrdə Ermənistanda keçiriləcək Zirvə Görüşündə iştirakı nəzərdə tutulmur”.
Səbəb olaraq Azərbaycan prezidentinin may ayı üçün iş qrafikində və təqvim planında belə bir səfərin nəzərdə tutulmadığı göstərilib.
Ermənistan isə müvafiq dəvətləri Türkiyəyə və Azərbaycana ilkin mərhələdə əvvəlcə şifahi, sonra isə yazılı şəkildə çatdırmışdı.

Bunu 27 oktyabr 2025-ci ildə parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan təsdiq etmişdi.
Məsələnin psixoloji tərəfindən danışarkən nazir nikbin olmağa çalışmışdı.
“Çətin sual qaldırırsınız, amma bizdə sülh var və məqsəd müəyyən edilib: mehriban qonşuluq münasibətləri qurmaq. İndi bu istiqamətdə addımlar atmalıyıq, yoxsa yox?
Zaman keçəcək və bilmirəm bir ay, bir il, 10 il, bütün məsələlərin hansı templə həll olunacağını bilmirik, amma biz bu yolla gedirik.
Mən bunu deməyə çalışıram: o demək deyil ki, məhz bu gün biz prezident Əliyevi Yerevanda və ya əksinə, Baş nazir Paşinyanı Bakıda görməyə hazırıq, deyirəm ki, bir gün bu vəziyyət olacaq. Bu gün deyə biləcəyimiz tək şey odur ki, biz bu yolla getməliyik”.
Avropa Siyasi Birliyinin Yerevan Zirvə Görüşündən gözləntilər barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya rəsmi səfəri çərçivəsində xarici ölkələrin səfirləri, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüş zamanı danışıb.
Həmin müzakirə zamanı Azərbaycanın qərarı hələ məlum deyildi. Baş nazir Paşinyanın çıxışı bu halda daha çox AB ölkələri ilə münasibətlərə dair olub.

“Əlbəttə, biz səbirsizliklə gözləyirik. Bu çox mühüm Zirvə Görüşünə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və Avropalı tərəfdaşlarımıza Ermənistana belə bir fürsət verdiklərinə görə minnətdarıq.
Bu, Ermənistan ilə Avropa Siyasi Birliyi arasında münasibətlərin yeni mərhələsinə işarə edəcək. Əlbəttə, bununla həm də Ermənistanın demokratik dövlət kimi əldə etdiyi nailiyyətlər tanınacaq”.
Ermənistanın Aİ-yə üzv olmaq arzusu olduğunu Baş nazir Paşinyan təsdiq edib, Ermənistanın müxtəlif sahələrdə Avropa standartlarına uyğunlaşmaq üçün gördüyü işləri vurğulayıb.
Lakin əgər AB bu qərarı verməsə, o halda da Ermənistanın uduzmaq şansı yoxdur, deyə Baş nazir bildirir və əsaslandırır: Ermənistan üçün güclü, demokratik dövlət olmaq vacibdir.
Avropanın “oyun qaydaları”na uyğun hərəkət etmək, əslində, bəzi hallarda yeni qaydaların müəyyən edilməsini də nəzərdə tutur.
Söhbət, məsələn, fevralın 23-də Brüsseldə AB üzvü olan ölkələrin XİN rəhbərlərinin toplantısında müzakirə edilən Rusiya-Ukrayna sülh sazişinin Rusiyaya qarşı irəli sürülən tələblərə aid olan bəndlərindən gedir.
Yalnız bu tələblərin qəbul edilməsi halında Aİ Ukraynanın Rusiya ilə sülh müqaviləsi bağlamasına razı olacaq. Tələblər siyahısında Ermənistanın adı da peyda olub. AB tərəfindən Rusiyaya irəli sürülən tələblərə əsasən, Rusiya öz qoşunlarını təkcə işğal etdiyi Ukrayna ərazilərindən deyil, həm də Moldova, Gürcüstan, Belarus və Ermənistandan çıxarmalıdır.
İlk iki dövlətin mübahisəli əraziləri olduğu halda, son iki dövlətdə Avropa qurumunun Rusiyanı “təsir dairələrindən” sıxışdırıb çıxarmağa çalışdığı güman edilir.
Bu məsələ ilə bağlı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın açıqlamalarına cavab olaraq, “İşıqlı Ermənistan” partiyasının rəhbəri, Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan avropalı yüksək vəzifəli şəxsə sual ünvanlamağı təklif edir: niyə hətta əlverişli fürsətlərdə belə Azərbaycanın neçə ildir ki, Ermənistanın suveren ərazilərini işğal altında saxlaması faktını xatırlatmır?
Xüsusən də bu məsələ Gürcüstan və Moldova problemlərindən fərqli olaraq, yaxın keçmişdə ortaya çıxdığı halda.
Rusiya hərbi bazasının mövcudluğundan imtina məsələsi Polşada, Ermənistan Baş naziri ilə sual-cavab zamanı da səsləndi.
Buna cavab olaraq Nikol Paşinyan qeyd etdi ki, hazırda Ermənistanın sərhədləri və buraxılış məntəqələri Ermənistan sərhədçiləri tərəfindən nəzarət edilir. Rusiya hərbi bazasının mövcudluğuna gəlincə, Baş nazirin sözlərinə görə:
“Bizim Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və narahatlığımız yoxdur. Ona görə də biz Rusiya ilə sıx tərəfdaşıq və çox sıx iqtisadi, siyasi əlaqələrimiz var.
Baxmayaraq ki, biz KTMT-də iştirakımızı dondurmuşuq. Ermənistan KTMT-dən məyus idi, çünki hüquqi öhdəliyi olduğu halda, KTMT Ermənistan üçün mövcud olan təhlükəsizlik çağırışlarına lazımınca cavab vermədi.
Digər tərəfdən isə, biz deyirik ki, Rusiya ilə münasibətlərimiz hazırda transformasiya mərhələsindədir. Biz hazırda Rusiya ilə yeni münasibətlər qururuq”.

Ermənistanda gözlənilən parlament seçkilərində xarici müdaxilənin mümkün cəhdləri ilə bağlı Baş nazir Paşinyan qeyd etdi:
“Əlbəttə, çoxsaylı risklər var. Bilirəm ki, şaiyələr, iddialar və s., müəyyən əməliyyat üsulları var, hazırda qarşılaşdığımız böyük miqdarda dezinformasiya var.
Amma digər tərəfdən, necə davranmalı? Mənim üçün tək bir şey qalır: xalqımızla, cəmiyyətimizlə birbaşa dialoqda olmaq, mümkün qədər şəffaf olmaq, mümkün qədər dürüst, səmimi olmaq, birbaşa danışmaq. İstənilən siyasətçi üçün bu çox vacibdir.
Yəqin ki, ən vacib şey mümkün qədər inandırıcı olmaqdır ki, uğur qazanaq. Mən əminəm ki, biz uğur qazanacağıq. Mənim gözləntim odur ki, qarşıdakı seçkilər nəticəsində Ermənistan xalqı bizim möhkəmlənmiş sülhə və bu siyasətə sadiqliyimizi təsdiq edəcək”.
Regional inkişaflardan danışarkən Ermənistan Baş naziri qeyd etdi ki, Ermənistan hazırda ABŞ ilə Tramp yolunun hüquqi çərçivəsini razılaşdırır.
Regionun blokadadan çıxarılması məsələsində isə, İrəvan həmçinin digər danışıqlar da aparır.
“Regionumuzda və ölkəmizdə yeni imkanlar yaranır və biz indi Aİ-nin regional kommunikasiyaların açılmasına, bərpasına necə cəlb oluna biləcəyini müzakirə edirik.
Ümid edirik ki, Avropa İttifaqından və üzv dövlətlərdən investisiyalar gələcək. Biz Ermənistan üçün “AB və üzv dövlətlərlə müxtəlif sahələrdə – iqtisadiyyatdan tutmuş demokratik islahatlar gündəliyinə, müdafiəyə və s.-yə qədər əməkdaşlığımızı dərinləşdirmək üçün yeni imkanlar tapmaq istiqamətində səy göstəririk”.
Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici ölkələrin səfirləri, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə Ermənistan Baş naziri həmçinin Türkiyə ilə münasibətlərdə real dəyişikliklər görmək ümidini ifadə etdi.
O, vurğuladı ki, regionda əhval-ruhiyyə dəyişir, gərginlik yoxdur və Türkiyə ilə dialoqu aktiv və müsbət qiymətləndirdi. Ermənistan Baş nazirinin sözlərinə görə, vəziyyət praktiki addıma çevrilmək üçün yetişib.







