BaşlıcaEkonomika

Mxitar Hayrapetyan “Los Angeles Times”da Ermənistanın texnologiya sektorunun inkişafı və perspektivlərini təqdim edib

Nüfuzlu “Los Angeles Times” nəşri Ermənistanın inkişaf perspektivlərinə və ölkənin investisiya cəlbediciliyinə həsr olunmuş geniş hesabat dərc edib.

 Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan nəşrə müsahibəsində ölkənin texnologiya sektorunun inkişaf strategiyasını, əldə olunmuş nailiyyətləri və qarşıdakı hədəfləri təqdim edərək, ölkənin addım-addım regional texnologiya mərkəzinə çevrildiyini vurğulayıb.

Verilən məlumata görə, Mxitar Hayrapetyan Ermənistan Yüksək Texnologiyalar Sənayesi nazirliyi tərəfindən həyata keçirilən sistemli islahatlara toxunub, 7 illik dövlət dəstəyi proqramının əhəmiyyətini vurğulayıb.

Bu proqram çərçivəsində texnologiya sektorunun inkişafını sürətləndirmək və beynəlxalq rəqabət qabiliyyətini artırmaq məqsədilə vergi güzəştləri və maliyyə dəstəyinin rəqabətli mexanizmləri tətbiq edilib.

Proqrama əsasən, texnologiya şirkətlərinə yeni iş yerlərinin yaradılması və xaricdən mütəxəssislərin cəlb edilməsi halında gəlir vergisinin 60%-ə qədər geri qaytarılması, işçilərin ixtisasartırma xərclərinin 50%-ə qədər kompensasiyası, həmçinin elmi-tədqiqat və təcrübi-konstruktor işləri (R&D) həyata keçirən təşkilatlar üçün mənfəət və dövriyyə vergisi güzəştləri təmin edilir.

Mxitar Hayrapetyan qeyd edib ki, Ermənistan məhdud resurslara malik kiçik ölkə olsa da, texnologiya sektoru əhəmiyyətli uğurlar əldə edib. Hal-hazırda sektorda 50.000-dən çox işçi çalışır və texnologiya sənayesi ÜDM-in 7%-dən çoxunu təmin edərək davamlı və dinamik artım nümayiş etdirir.

Nazirin sözlərinə görə, ölkənin strateji hədəfi “kod yazan” ölkədən həqiqi texnologiya mərkəzinə çevrilmək, Ermənistan yüksək texnologiya məhsullarının layihələndirildiyi, istehsal edildiyi və bütün dünyaya təklif edildiyi bir məkana çevrilməkdir.

Mxitar Hayrapetyan vurğulayıb ki, xarici investorlar üçün Ermənistanda yerli şirkətlərlə məcburi tərəfdaşlıq tələbi və ya hər hansı hüquqi məhdudiyyət yoxdur.

 Əksinə, bir çox korporasiyalar müstəsna istedadlar və innovasiya resurslarını cəlb etmək məqsədilə erməni startaplarını satın alır və ya onlarla əməkdaşlıq edir.

Startap ekosisteminin inkişafına toxunan nazir bunun sektorun canlılığının və uzunmüddətli artımının təməli kimi qiymətləndirildiyini vurğulayıb.

Son illərdə Ermənistan beynəlxalq tərəfdaşlıqlar və akselerasiya proqramları sayəsində aktiv innovasiya mühiti formalaşdırıb.

Xüsusilə, dünyanın ən böyük akseleratorlarından biri olan Amerikanın “Plug and Play” şirkətinin İrəvanda daimi nümayəndəliyi fəaliyyət göstərir.

Bu şirkət dövlət sektoru ilə sıx əməkdaşlıq edərək erməni şirkətlərinin qlobal bazarlara çıxmasına və beynəlxalq platformalarda mövqe tutmasına dəstək olur.

Nazir erməni texnologiya düşüncəsinin uğur nümunəsi kimi “Picsart” şirkətini qeyd edib. Bu şirkət kiçik yerli startapdan milyardlarla dollar dəyərində qiymətləndirilən (unicorn) qlobal nəhəngə çevrilib.

Mxitar Hayrapetyan süni intellektin (AI) inkişafına da toxunaraq, bunu Ermənistanın beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının əsas və strateji istiqaməti kimi xarakterizə edib.

Bu kontekstdə nazir 8 avqust 2025-ci ildə imzalanmış Ermənistan-ABŞ Anlaşma Memorandumunu xüsusi qeyd edərək, bunun süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlığın yeni mərhələsini qeyd etdiyini vurğulayıb.

Mxitar Hayrapetyan süni intellektin inkişafının, o cümlədən “Firebird” ilə həyata keçirilən layihənin və Süni İntellext Məlumat Mərkəzləri (Data Centers) infrastrukturunun yerləşdirilməsinin strateji əhəmiyyət daşıdığını bildirib.

Mxitar Hayrapetyan həmçinin Süni İntellekt Virtual İnstitutunun fəaliyyətini təqdim edib. İnstitut innovatorlara və startaplara zəruri bulud (cloud) resursları və hazır texnoloji həllər təklif edərək, süni intellekt sahəsində yeni layihələrin sürətli və səmərəli həyata keçirilməsini təşviq edir.

Daha çox göstər
Back to top button