
Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Birləşmiş Krallığın hərbi akademiyaları və Müdafiə Tədqiqatları Kollecində olub
24-27 fevral tarixlərində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan ordusunun modernləşmə prosesi çərçivəsində işgüzar səfərlə Birləşmiş Krallıqda olub.
Ermənistan Müdafiə nazirliyindən verilən məlumata görə, səfər zamanı Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Birləşmiş Krallığın hərbi akademiyaları, Sandherst Kral Hərbi Akademiyası və Müdafiə Tədqiqatları Kral Kollecinə baş çəkib.
Hərbi təhsil müəssisələrinə edilən ziyarət çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyətinə bu təhsil ocaqlarının strukturu, təhsil prosesinin təşkili, tədris olunan fənlər, təlim proqramları, müəllim heyətinin seçimi və ixtisasartırma proqramları, həmçinin təhsil müəssisələrində həyata keçirilən islahatlar barədə məlumat verilib.
General-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Birləşmiş Krallığın Müdafiə nazirliyində qəbul edilib. Görüşdə iki ölkənin müdafiə qurumları arasında gələcək əməkdaşlıq perspektivləri, xüsusilə hərbi təhsil, təlimlər, birgə hərbi tədbirlər və hərbi-texniki sahələrdə əməkdaşlıq planları müzakirə edilib.







