
Ermənistan elə bir mərhələyə çatıb ki, fırtınalardan, doludan və çoxsaylı geosiyasi fəlakətlərdən qoruna bilir.
Alınan məlumata görə, bu haqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Diplomatik xidmət günü münasibətilə keçirilən tədbirdəqeyd edib.
“Çox vacibdir ki, biz, eləcə də diplomatik xidmətimiz bu illər ərzində görülən işlərin, o cümlədən sizin əməyinizin nəticəsində əldə etdiyimiz nailiyyətləri qoruya bilək.
Çox vacibdir ki, malik olduğumuz sülhü qiymətləndirək. Çox vacibdir ki, Ermənistan ətrafında baş verən blokadaların aradan qalxmasını dəyərləndirək” – deyə Paşinyan diplomatlara müraciət edərək bildirib.
O, vurğulayıb ki, Ermənistanın iqtisadi inkişafı, o cümlədən diplomatik fəaliyyət sayəsində, proqnozlaşdırılandan daha yüksəkdir.
Baş nazir bu nailiyyətləri qoruyub saxlamağın vacibliyini qeyd edib.
“Düşünürəm ki, biz həqiqətən elə bir mərhələyə çatmışıq ki, fırtınalardan, doludan və çoxsaylı geosiyasi fəlakətlərdən qoruna bilirik. Amma bunu öz-özünə əldə olunmuş bir hal kimi qəbul etməməliyik. Bu, əməyin nəticəsidir, ardıcıl və şüurlu işin nəticəsidir” – deyə Paşinyan bildirib.
“Bu gün bir çoxlarını narahat edir ki, dünyada vəziyyət gərgindir, Ermənistanın ətrafında və ölkə daxilində isə şübhəli sakitlik var. Mən bu narahatlıqları da anlayıram, çünki bu, adi vəziyyət deyil. Bu, bizim üçün alışılmış hal deyil və obyektiv narahatlıqlar yarada bilər.
Gördüyümüz mənzərə reallığa uyğundur, lakin digər tərəfdən başa düşməliyik ki, bu, zəmanətli deyil. Onun davamlılığı gündəlik iş tələb edir və ilk növbədə diplomatik xidmətimizdən və diplomatlarımızdan asılıdır”- deyərək o, qeyd edib.
O əmindir ki, Ermənistanın diplomatik xidməti özünün və ölkənin nailiyyətlərini qorumaq, saxlamaq və inkişaf etdirmək qabiliyyətinə malikdir.
Paşinyanın fikrincə, hər hansı bir nailiyyət və ya əldə edilmiş uğur daha böyük və daha əhəmiyyətli bir mərhələyə doğru inkişaf etməzsə, mütləq öz cari əhəmiyyətini itirir.
“Mən əminəm ki, biz bu məntiqlə irəliləyəcəyik – dəyişən dünyada öz düşüncə üfüqlərimizin çərçivəsini və miqyasını dəyişməli olduğumuzu dərk edərək.
Dünyaya daha yüksəkdən baxa bilməliyik, daha yüksəkdən baxmaq üçün isə yüksəlməyi bacarmalıyıq, yüksəlməyin yolu isə təhsildir, davamlı təhsildir.
Heç birimiz düşünməməliyik ki, artıq hər şeyi bilirik” – deyə Baş nazir yekunlaşdırıb.







