
2025-ci ildə Avropada mətbuat azadlığı hüquqi təhdidlər, fiziki hücumlar, qorxutma, media üzərində nəzarət uğrunda mübarizə və transsərhəd təqiblər səbəbilə davamlı təzyiq altında qalıb. Bu, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının tərəfdaş təşkilatlarının illik hesabatında qeyd olunub.
Vəziyyət bir sıra ölkələrdə və Avropa səviyyəsində həyata keçirilmiş təşəbbüslər sayəsində bir qədər yumşalıb.
“Dönüş Nöqtəsində: 2025-ci ildə Mətbuat Azadlığı” adlı hesabatda qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi jurnalistlər üçün ən ciddi təhdid olaraq qalır: dörd jurnalist öldürülüb, çoxları Rusiyanın nəzarət etdiyi ərazilərdə həbsdədir, bəziləri isə itkin düşüb.
Hesabata daxil edilmiş ölkələrin dörddə birində etiraz aksiyaları zamanı jurnalistlər tez-tez polis, siyasi fiqurlar və nümayişçilərin fiziki hücumlarına məruz qalıb. Ən çox zorakılıq halları Gürcüstanda, Serbiyada və Türkiyədə qeydə alınıb.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə media azadlığına yönəlmiş təhdidlər 2024-cü illə müqayisədə 29% artıb.
Müəllifləri həmçinin, KİV-ləri nəzarət alətindən məhrum etmək vasitəsi kimi sistemli şəkildə istifadə olunması narahat edir.
2025-ci il dekabrın 31-nə olan məlumata görə, Avropada 148 jurnalist həbsdədir, o cümlədən:
Azərbaycanda – 36,
Rusiyada – 32,
Belarusda – 27,
Rusiyanın nəzarət etdiyi ərazilərdə – 26,
Türkiyədə – 24,
Ermənistanda – 2,
Gürcüstanda – 1.
Hesabata görə, platforma Ermənistanda ilk dəfə olaraq həbsdə olan jurnalistlər barədə məlumat qeyd edib: xuliqanlıqda ittiham olunan və istintaq həbsində olan podkasterlər Narek Samsonyan və Vazgen Saqatelyanın adları çəkilir.
Hesabat Avropa Şurasına, Avropa Komissiyasına və AS-ın 46 üzv dövlətinə mətbuat azadlığı standartlarının tətbiqini təmin etmək üçün çağırış edir. Onlar jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsini, ictimai yayımçıların müstəqilliyinin qorunmasını və qadın jurnalistlərin müdafiəsinin artırılmasını təklif edirlər.
Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması 2015-ci ildə Avropa Şurası tərəfindən, ifadə azadlığı sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq QHT-lər və jurnalist təşkilatları ilə əməkdaşlıq çərçivəsində yaradılıb.







