
Ermənistan institusional dövlətdir və dövlət institutları Baş nazirin harada olmasından və nə ilə məşğul olmasından asılı olmayaraq fəaliyyət göstərir.
Alınan məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol PaşinyanParlament –Hökumət sual-cavab iclasında, “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyanın sualına cavab olaraq bildirib.
Aqnesa Xamoyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il hesabatından İrana aid bir hissəni sitat gətirib. O, İran–ABŞ–İsrail müharibəsinin ilk günü bölgəyə səfər edərkən “piroşki” yeməsinə görə Baş naziri tənqid edib.
Cavabında Baş nazir vurğulayıb ki, Ermənistanda Baş nazirin harada olmasından və nə ilə məşğul olmasından asılı olmayaraq fəaliyyət göstərən institutlar mövcuddur.
“Baş nazir və hökumət həmin institutların işləməsi üçün lazımi qayğını göstərib. Üstəlik, İranda baş verənlər sizin üçün yenidirsə, Ermənistanın dövlət institutları üçün yeni deyil.
Bu vəziyyət illərdir formalaşır. İmkan olsaydı, Baş nazirin masasından müvafiq prosedurlarla keçmiş onlarla belə hesabatı görə bilərdiniz.
Əlbəttə, biz İran İslam Respublikasında və onun ətrafında baş verən hadisələrdən dərin təəssüf hissi keçiririk və bunu ifadə etmişik, edirik” – deyə Paşinyan bildirib.
O, xatırladıb ki, Ermənistanın Təhlükəsizlik Şurası İranda baş verən hadisələrdən bir gün əvvəl və bir gün sonra iclas keçirib. Ermənistanın müdafiə naziri həmin həftə İrana səfər edib.
Xarici Kəşfiyyat Xidməti hesabatla çıxış edib. Təhlükəsizlik Şurasının nəzdində uzun müddətdir gündəlik rejimdə fəaliyyət göstərən idarələrarası işçi qrupu mövcuddur.
“Deyirsiniz ki, biz “piroşki” yeyirik, amma sizdən görünmür ki, aclıq aksiyası keçirirsiniz… Ümumiyyətlə, mən Ermənistanın hakim çoxluğunun öz vətəndaşları ilə ünsiyyətdən imtina etməsi üçün heç bir səbəb görmürəm” – deyərək Baş nazir deputata cavab verib.
O, həmçinin deputat üçün “pis xəbəri” olduğunu əlavə edib: “Biz “piroşki” yeyəndə və həmin video internetdə, o cümlədən beynəlxalq səviyyədə yayılanda, Yaxın Şərqdə bir sıra hörmətli tərəfdaşlar ictimai restoranlara gedərək açıq şəkildə nahar etməyi qərara aldılar ki, vətəndaşlarına narahatlığa əsas olmadığını və vəziyyətin nəzarət altında olduğunu göstərsinlər. Əgər bunu görməmisinizsə, bu, daha pisdir”.
Baş nazir vurğulayıb ki, Ermənistan institusional dövlətdir, Xarici Kəşfiyyat Xidməti öz işini görür, digər qurumlar da öz funksiyalarını yerinə yetirir və dövlət institutları fəaliyyət göstərir.







