
Ermənistanın Baş naziri Nikol Paşinyanın BƏƏ-də və ya hər hansı başqa ölkədə daşınmaz əmlakı yoxdur. Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan “Facebook” səhifəsində yazıb və X platformasında yayılan videogörüntülərə münasibət bildirib.
Həmin videolarda iddia olunur ki, BƏƏ-nin Dubay şəhərində raket hücumu nəticəsində Paşinyana məxsus əmlaka ziyan dəyib.
Bağdasaryan bildirib ki, son günlər X platformasında şübhəli hesablar tərəfindən “Al Jazeera” və “Euronews”a istinad edilərək bu cür iddialar yayılır.
O, vurğulayıb ki, Nikol Paşinyanın BƏƏ-də və ya başqa ölkədə heç bir daşınmaz əmlakı yoxdur. Videolarda göstərilən rəqəmlər, “dəyərlər” və onun adından verilən şərhlər tamamilə uydurmadır və həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, seçkiqabağı dövrdə klassik FIMI (Xarici İnformasiya Manipulyasiyası və Müdaxilə) mexanizmi ilə üzləşiblər.
Bu prosesdə nüfuzlu beynəlxalq media qurumlarına saxta istinadlar verilir, eyni məzmunlu materiallar anonim və bot hesablar vasitəsilə sürətlə yayılır və mövzuya süni şəkildə diqqət artırılır.
Eyni mətnlərin və şərhlərin kütləvi və sinxron şəkildə paylaşılması koordinasiyalı informasiya müdaxiləsindən xəbər verir.







