BaşlıcaBeynəlxalq

“Orta Dəhliz” Cənubi Qafqazda uzunmüddətli sülh yoludur”

“Orta Dəhliz” ticarət və əməkdaşlığı Cənubi Qafqazın keçmişdə qeyri-sabit olan regionunda norma halına gətirəcək, region ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək.

Bu barədə bu gün Brüsseldə keçirilən səfirlər konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

Qlobal layihələr və onların Avropa üçün əhəmiyyətindən danışan Avropa Komissiyasının rəhbəri Asiyadan Avropaya malların çatdırılma müddətini 30 gündən 15 günə endirəcək “Orta Dəhliz”i xatırladıb.

Fon der Leyenin sözlərinə görə, “bu dəhliz həm də Cənubi Qafqazın keçmişdə müharibə edən ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək”.

“İkinci Dünya Müharibəsindən sonra kömür və polad Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də qeyri-sabit regionda ticarət və əməkdaşlığı norma halına gətirə və təkcə Avropaya deyil, həm də sülhə aparan yol aça bilər”- deyə o, vurğulayıb.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, bu regionda, eləcə də Afrikada və Yaxın Şərqdə AB-nin investisiyaları Avropa İttifaqına müsbət tərəfdaşlıqlar inkişaf etdirməyə imkan verir.

Daha çox göstər
Back to top button