
2024-cü ilin mart-aprel aylarında Ermənistan öz dövlətçiliyinin sərhədinə çatmışdı və əgər 2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə qərar qəbul etməsəydik, Ermənistan Respublikası bu gün müstəqil dövlət deyil, ən yaxşı halda xarici idarəetmə altında olan ərazi olardı.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib və vurğulayıb ki, bu onun şəxsi əminliyidir.
“Üstəlik, delimitasiya ilə bağlı həmin qərarı qəbul etmək çox çətin idi. Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə arxiyepiskoplardan biri Ermənistanda təkcə delimitasiyanı həyata keçirməmək deyil, əslində Qarabağ hərəkatını, yəni münaqişəni yenidən aktivləşdirmək tələbi ilə hərəkat başlamışdı” – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, on minlərlə vətəndaş yüksək vəzifəli din xadimləri və onları dəstəkləyən müxalif qüvvələrin həyata keçirdiyi dezinformasiya kampaniyasının təsiri altına düşərək küçələrə çıxmışdı.
Həmin qüvvələr iddia edirdilər ki, Ermənistan hökuməti Azərbaycanın xeyrinə Ermənistanın suveren ərazilərini, eləcə də bu ərazilərdə yerləşən qədim kilsələri və yaşayış məntəqələrini güzəştə getməyə hazırlaşır.
“Siz təsəvvür edə bilərsiniz ki, bu, 2018-ci ildə Xalq, qeyri-zorakı, məxməri inqilab nəticəsində hakimiyyətə gəlmiş hökumətimiz və siyasi komandamız üçün nə demək idi. Bəs biz problemi necə həll etdik?. Biz xalqla danışdıq.
İndi isə Tavuş vilayətinin Kirants kəndi, hansı ki, kilsə-müxalifət hərəkatının liderləri onu simvola çevirmişdilər və insanları inandırırdılar ki, kənd boşaldılacaq və tərk ediləcək, delimitasiyadan sonra, yəni 2024-cü ildən sonra, hökumətin dəstəyi ilə evlərin sayı təxminən 50 faiz artıb və bu gün tamamilə dinc, təhlükəsiz və rəngarəng yaşayış məntəqəsidir.
Qədim kilsələr isə bərpa olunur və ya təmir edilir” – deyə Baş nazir vurğulayıb.
Paşinyan bildirib ki, o, şəxsən vətəndaş qruplarının Tavuş vilayətinin Kirants kəndinə səfərlərini təşkil edir ki, insanlara sülh dedikdə nə nəzərdə tutulduğunu, “Real Ermənistan” dedikdə nə başa düşüldüyünü göstərsin.
“Bunun simvolu kimi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin təsvirini sinəmdə daşıyıram. Bu həm də sülhün simvoludur, çünki biz Ermənistan və Azərbaycan arasında sülhü bir-birimizin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsi əsasında tanımaqla qurmuşuq.
Həmin bəyannaməyə görə Sovet Azərbaycanı müstəqil Azərbaycana, Sovet Ermənistanı isə müstəqil Ermənistana çevrilib və bu, müstəqil Ermənistanın xəritəsinin konturudur.
Sülhə qarşı aparılan bu prosesdə bəzi din xadimlərinin iştirakına toxunmazdım, əgər görməsəydim ki, həmin din xadimlərinin emissarları və onlarla əlaqəli bəzi lobbi təşkilatlarının nümayəndələri Avropa Şurasında və digər nüfuzlu beynəlxalq qurumlarda Ermənistan hökumətinin guya vicdan azadlığını məhdudlaşdırdığı, ölkədə diktatura qurulduğu və siyasi məhbusların olduğu barədə məlumat yaymağa çalışırlar.
Reallıq isə ondan ibarətdir ki, bəzi din xadimləri mənəvi davranışın bütün qaydalarını kobud şəkildə pozaraq özlərini xarici xüsusi xidmət orqanları üçün həssas vəziyyətə salıblar.
Hətta onlardan bəzilərinin SSRİ DTK-sının agenti olması faktı sənədlərlə sübut olunur. Məhz həmin din xadimləri Ermənistan Respublikasında müharibə partiyasının liderliyini öz üzərlərinə götürərək ətraflarına ölkənin keçmiş rəhbərlərini, onlarla əlaqəli bəzi qüvvələri, eləcə də Rusiyada və Belarusda yaşayan bəzi oliqarxları toplayıb və Ermənistanın müstəqilliyini üçüncü ölkələrin maraqlarına qurban verməyə çalışırlar.
Biz yeni münaqişəyə, yeni müharibəyə imkan verməyəcəyik. Biz minlərlə qurban bahasına əldə olunmuş şüurun, sülhün və müstəqilliyin anti-xristian məqsədlər naminə qurban verilməsinə yol verməyəcəyik.
Ermənistan Apostol Müqəddəs Kilsəsinin ibadət mətnində “sülh” sözü 40-dan çox dəfə xatırlanır və bu, təkcə insanın və ruhun deyil, həm də ümumdünya sülhü haqqındadır.
İbadətimizin kanonik mətnində Rəbbimiz və Xilaskarımız Xristosa onlarla dua var. Bu gün isə bəziləri Xristosun qurbangahından münaqişə, müharibə və ya daxili zorakılıq təbliğ etmək üçün istifadə edir və bununla Ermənistan Respublikasının qanunlarının sərhədlərini aşırlar. Bu, heç bir demokratik ölkədə qəbul edilə bilməz” – deyərək Paşinyan bildirib.







