
Amerika və İsrail İranda hakimiyyət dəyişikliyi etmək istəyir, lakin bunu yalnız hava zərbələri ilə həyata keçirə bilməzlər, bunun üçün quru hərbi əməliyyatlara getməlidirlər.
Bu barədə jurnalistə müsahibəsində iranlı analitik Puya Hüseyni bildirib və əlavə edib ki, onların buna imkanı yoxdur.
“Tramp buna girmək istəməz, çünki belə olarsa, müharibə uzanar və ABŞ daha böyük itkilər verər. Amerika cəmiyyətində də bu məsələ ilə bağlı administrasiyaya qarşı təzyiq var.
Onlar ümid edirlər ki, güc strukturlarını hədəfə alaraq İran daxilində narazı kütlənin küçələrə çıxmasına, hökumət əleyhinə aksiyalar keçirməsinə, təxribatlar və vətəndaş müharibəsi yaratmasına şərait yaratsınlar və bu yolla hakimiyyət dəyişikliyinə nail olsunlar” – deyə o, bildirib.
Hüseyni qeyd edib ki, mövcud hakimiyyətin tərəfdarları çoxdur, onlar küçələri tərk etmirlər, müxtəlif şəhərlərdə milyonlarla tərəfdar hökuməti dəstəkləyir.
“Amma narazı kütlə də var, hökuməti sevməyənlər az deyil, onların sayı da böyükdür. Lakin xarici qüvvələr onları öz məqsədlərini həyata keçirmək, etiraz aksiyaları və üsyan yaratmaq üçün istifadə edir.
Bu cür ssenarilər Liviyada, Suriyada həyata keçirilib. Netanyahu əvvəldən demişdi ki, İranda Liviya ssenarisini həyata keçirmək istəyirlər, yəni xalqı daxildən qızışdırıb hakimiyyət dəyişikliyi etdirmək.
Amma bu olmayacaq, İranda vətəndaş müharibəsi olmayacaq. İsrail İranı parçalamaq istəyir ki, regionda güclü dövlətlər olmasın və onlar öz hegemonluğunu yaysınlar, bölgənin bütün neft resurslarına nəzarət etsinlər.
Bu güclü dövlətlərə İraq, Suriya, İran, Türkiyə və Misir daxildir” – deyə Hüseyni bildirib.







