
Gələn həftə ER Parlamentinin daimi komissiyalarında hökumətin 2025-ci il proqramının icrası və nəticələri haqqında hesabat sahələr üzrə müzakirə olunacaq.
Nazirlər bir ilin nailiyyətlərini və çatışmazlıqlarını təqdim edəcəklər. Müxalifət artıq hesab edir ki, hesabat seçki məntiqi ilə hazırlanıb, çünki seçkilərə üç ay qalmış bütün siyasi qüvvələr artıq həmin ab-havadadır.
Cəmiyyəti ən çox maraqlandıran sahələrdən biri müdafiə sahəsidir və müxalifət də məhz bu sahəni xüsusi diqqətdə saxlayır.
Azərbaycanda da hazırda parlamentdə hesabat dövrüdür. Bu ölkənin baş naziri yaxın günlərdə silahlı qüvvələr və hərbi məhsul ixracı haqqında danışıb. “Radiolur” iki ölkənin müdafiə və hərbi sənaye proqramlarını müqayisə edib.
Ermənistan hökumətinin “2025-ci il proqramının icrası və nəticələri haqqında” hesabatının əsas xətti sabit sülhün təmin olunmasıdır ki, bu da müdafiə sahəsinin inkişafı və hərbi-sənaye xərcləri ilə müşayiət olunur.
Ötən il ölkənin müdafiə xərcləri 664 milyard dram və ya 1 milyard 741 milyon 604 min dollar təşkil edib. 2024-cü illə müqayisədə xərclər təxminən 1.1 milyard dollar artıb ki, bu da silah alınması üçün edilən əvvəlcədən ödənişlərlə izah olunur.
Müdafiə naziri Suren Papikyan 2025-ci ili rəhbərlik etdiyi sahə üçün çox səmərəli il hesab edib.
O bildirib ki, 2018-ci ildə müdafiə xərcləri 245 milyard dram olub və hazırkı göstəricilər bununla müqayisədə xeyli yüksəkdir. Nazirə görə, 2025-ci il müdafiə sahəsi üçün xərclər baxımından çox uğurlu olub.
Hökumət 2025-ci ilin hesabatında xüsusilə müdafiə sahəsini uğur kimi təqdim edir, müxalifət isə bunu seçkiqabağı addım hesab edir və bildirir ki, 2026-cı ilin büdcəsində eyni artım yoxdur.
Hökumət 2026-cı ildə xərclərin azalmasını 2025-ci ildəki yüksək artımdan sonra normal tempə qayıdış kimi izah edir, müxalifət isə bunu fərqli şərh edir.
Müxalif “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan bildirib ki, silahlı qüvvələr hamıya məxsus qurumdur və onunla bağlı məsələlərdən siyasi təbliğat üçün istifadə etmək olmaz.
“Əgər digər komissiyalarda üz-üzə dayanıb tənqid etmək, mübahisə etmək, hətta ən sərt sözləri demək mümkündürsə, silahlı qüvvələr məsələsində biz hamımıza məxsus olan bir qurumla işləyirik və ona hamımızın qayğı göstərməsi vacibdir.
Amma bu qayğını manipulyasiya etməyə, bizim az danışmağımızdan sui-istifadə etməyə, bunu bizə qarşı təbliğat silahına çevirməyə çalışanda insan dişini sıxır, amma yenə də deyir ki, qoy susaq ki, ölkəmizin təhlükəsizliyinə, silahlı qüvvələrimizə zərər dəyməsin.
Bəs niyə birdən-birə götürüb yaymağa başladınız ki, ordunun, silahlı qüvvələrin büdcəsi bu qədər milyard dram azaldılır? Çünki bu, xarici siyasi mesajdır — Bakıya, Türkiyəyə ünvanlanan mesajdır”.
Müqayisə üçün qeyd olunur ki, Azərbaycanın göstəriciləri ilə müqayisədə Ermənistanın müdafiə xərcləri təxminən üç dəfə azdır.
Həm 2025-ci, həm də 2026-cı illərdə Azərbaycanın hərbi büdcəsi rekord səviyyəyə çataraq 5 milyard dollardan çox olub. 2025-ci ildə bu ölkədə müdafiə və milli təhlükəsizlik xərcləri 23% artıb.
Azərbaycanın baş naziri Əli Əsədov da yaxınlarda bildirib ki, Bakı yalnız silah almır, həm də özü istehsal edir və hərbi məhsullarını təxminən 20 ölkəyə ixrac edir.
Bu bazarda Ermənistan da öz yerini tutmağa çalışır. Rəsmi rəqəmlər açıqlanmasa da bildirilir ki, artıq bir neçə yerli şirkət ixrac lisenziyası alaraq beynəlxalq bazara çıxıb.
Yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan bunu sahə üçün yeni mərhələ hesab edir.
“2025-ci il ərzində müəyyən sayda şirkət dövlət tərəfindən hərbi məhsul ixracı üçün lisenziya alıb. Hərbi-sənaye şirkətlərimizin beynəlxalq əməkdaşlıq qurması prioritetdir və bu, gizli deyil.
2025-ci ildə Hərbi Sənaye Komitəsi CAMP platformasını — Cooperation Armenia Military Technology — işə salıb, həmçinin CAMP France və CAMP India biznes forumlarını təşkil edib.
Bu tədbirlər çərçivəsində Fransadan və Hindistandan onlarla aparıcı hərbi-sənaye şirkəti Ermənistana gəlib, yerindəcə Ermənistanın hərbi-sənaye şirkətləri ilə tanış olub, işgüzar əlaqələr qurub və erməni istehsalı olan texnoloji işləmələri sınaqdan keçirib.
Bunun nəticəsində yeni beynəlxalq əməkdaşlıqlar formalaşma mərhələsinə daxil olur”.
Nazirin sözlərinə görə, hərbi-sənaye sahəsində elmi-tədqiqat işləri və eksperimental işləmələrin maliyyələşdirilməsi 50% artıb. Şirkətləri lazımi alətlərlə təmin etmək üçün qanunvericilik bazası da yaradılıb.
“Ən mühüm dəyişikliklərdən biri odur ki, qanunvericilik səviyyəsində hərbi-sənaye şirkətlərinə yeni tədqiqat və işləmələr aparmaq məqsədilə Müdafiə nazirliyinə məxsus əmlakdan istifadə etmək imkanı verilib. Bu, vacib islahatdır və dövlətə yerli hərbi-sənaye şirkətlərinə daha geniş vasitələrlə kömək etməyə imkan yaradır. İndi biz hər il yeni şirkətlər tərəfindən onlarla yeni məhsulun yaradıldığını, dövlət sınaqlarının problemsiz keçirildiyini, sınaqlar zamanı tərəfdaş qurum olan
Müdafiə Nazirliyi tərəfindən lazımi avadanlığın təqdim edildiyini görürük. Bu proseslərə nəzarət isə sahənin ümumi inkişafı üçün kritik əhəmiyyət daşıyır.
Növbəti addım kimi dövlət sınaqları üçün lazım olan nümunələrin hazırlanmasının maliyyələşdirilməsi qaydası da hazırlanıb. Bu, şirkətlərimizin bahalı və mürəkkəb dövlət sınaqları mərhələsindən keçməsinə maliyyə baxımından kömək edən yeni mexanizmdir”.
Parlamentdə gələn həftə təqdim olunacaq 2025-ci il hesabatına görə, ötən il Müdafiə nazirliyi bir sıra yeni proqramlar həyata keçirib.
Daha əvvəl, yanvarın 28-də Baş nazir “Strateji düzgün münasibətlər” konsepsiyası haqqında danışaraq bildirib ki, ölkənin təhlükəsizlik sisteminin, belə demək mümkünsə, “ierarxiyası” dəyişir.
Müdafiə nazirliyində keçirilən görüşdə Paşinyan izah edib ki, ölkənin təhlükəsizliyinin təmin olunmasının birinci xətti xarici siyasət, ikinci xətti diplomatiya, üçüncü xətti isə ordu olmalıdır.
Baş nazirin sözlərinə görə, bu o deməkdir ki, xarici siyasət və diplomatiya o qədər effektiv olmalıdır ki, ordudan istifadə etməyə ehtiyac yaranmasın.







