
Hindistanın Xarici işlər naziri Subramanyam Cayşankar İran ərazisindən öz ölkəsinin vətəndaşlarının təhlükəsiz təxliyəsini təmin etdiyinə görə erməni xalqına və Ermənistan hökumətinə təşəkkür edib.
O, bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“İndiyədək İran ərazisindən Hindistanın 550 vətəndaşının təhlükəsiz təxliyəsinə göstərdiyi dəstəyə görə Ermənistan hökumətinə və xalqına minnətdarıq.
Belə çətin vaxtlarda göstərilən yardımı yüksək qiymətləndiririk”, — deyə Cayşankar yazıb və paylaşımda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanı da qeyd edib.
Ermənistan Xarici İşlər nazirliyi martın 11-də yaydığı məlumata görə, İranda fevralın 28-də müharibə başlayandan bəri 46 ölkənin vətəndaşları Ermənistan ərazisi vasitəsilə təxliyə olunub.
Siyahıya qonşu ölkələrdən Gürcüstan, İran, Türkiyə; Amerika qitəsindən ABŞ, Kanada, Meksika, Uruqvay; Avropa ölkələrindən Avstriya, Almaniya, İtaliya, Latviya, Yunanıstan, Birləşmiş Krallıq, Niderland, Norveç, İsveç, İsveçrə, Portuqaliya, Serbiya, Ukrayna, Finlandiya, Fransa; Avrasiya və Asiya-Sakit okean regionundan Avstraliya, Belarus, Türkmənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Nepal, Yeni Zelandiya, Çin, Tacikistan, Rusiya, Özbəkistan, Filippin; Yaxın Şərq və Afrika ölkələrindən Qvineya, Misir, Yəmən, Zimbabve, İraq, Livan, Cənubi Afrika, Mərakeş, Nigeriya, Sierra Leone və Suriya daxildir.







