
ABŞ Dövlət Departamenti martın 18-də qəbul etdiyi qərarla daha 12 ölkəni siyahıya əlavə edib və həmin ölkələrin vətəndaşları B1/B2 turistik və ya işgüzar vizaya müraciət edərkən nağd depozit ödəməli olacaqlar.
Bu ölkələr arasında Gürcüstan da var və bununla da bu məhdudiyyətə məruz qalan ölkələrin ümumi sayı 50-yə çatıb.
Daha əvvəl bildirilmişdi ki, viza zəmanəti üzrə pilot proqram 20 avqust 2025-ci ildə başlayıb və 5 avqust 2026-cı ilə qədər qüvvədə olacaq.
Hələlik onun uzadılıb-uzadılmayacağı məlum deyil. Yeni qayda Gürcüstan üçün 2 aprel 2026-cı ildən qüvvəyə minəcək.
Depozitin məbləği müsahibə zamanı konsulluğun fərdi qərarından asılı olaraq 5 000, 10 000 və ya 15 000 dollar olacaq.
Əgər səyyah viza tələblərinə əməl edərsə və vaxtında ölkəsinə qayıdarsa, depozit geri qaytarılacaq. Viza ümumiyyətlə istifadə olunmasa belə, depozit yenə qaytarılacaq.
Yeni qaydanın məqsədi xarici vətəndaşların ABŞ-da icazə verilən müddətdən artıq qalmasının qarşısını almaqdır. Dövlət Departamenti bu ölkələri “yüksək riskli ölkələr” adlandırır. Vaşinqton bu tədbiri vergi ödəyicilərinin xərclərinə qənaət etməklə əsaslandırır: bir qeyri-qanuni miqrantın deportasiyası orta hesabla 18 000 dollara başa gəlir, depozit proqramının genişləndirilməsi isə ildə 800 milyon dollara qədər qənaət etməyə imkan verəcək.
Gürcüstandan başqa yeni siyahıya Kamboca, Efiopiya, Qrenada, Lesoto, Mavrikiy, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis daxil edilib.
Proqrama əvvəllər daxil edilmiş ölkələr arasında Qırğızıstan, Tacikistan və Türkmənistan var.
50 ölkəlik siyahıda Gürcüstanın qonşularından heç biri — Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə — yer almayıb.
Gürcüstan Xarici İşlər nazirliyi bildirib ki, əgər vətəndaşlar viza qaydalarına əməl etsələr, “bu, Gürcüstana bu məsələ üzrə Amerika tərəfi ilə əməkdaşlığı davam etdirmək imkanı verəcək”.
“Prezident Donald Tramp administrasiyasının sərt immiqrasiya siyasəti yaxşı məlumdur və bu, konkret addımlarda öz əksini tapır.
Bu qərar da həmin sərtləşdirilmiş immiqrasiya siyasətinin bir hissəsidir.
Buna görə Gürcüstan vətəndaşlarını ABŞ viza qaydalarına ciddi riayət etməyə və mövcud viza rejimini pozmamağa çağırırıq.
Bu, Gürcüstana ABŞ ilə bu məsələ üzrə əməkdaşlığı davam etdirməyə imkan verəcək”- deyə nazirlik bəyan edib.







