
Robert Koçaryan, Samvel Karapetyan və Qagik Tsarukyanın rəhbərlik etdiyi qüvvələr Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhü yenidən nəzərdən keçirmək siyasəti seçiblər və bununla müharibənin qapısını açmaq yoluna gedirlər.
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu barədə “Facebook” səhifəsində yayımladığı müraciətdə bildirib.
“Dəqiq şəkildə qeyd olundu ki, Koçaryan, Karapetyan və Tsarukyanın rəhbərlik etdiyi qüvvələr Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhü yenidən nəzərdən keçirmək siyasəti seçiblər.
Bu isə o deməkdir ki, onlar müharibənin qapısını açmaq yoluna gedirlər. Bu günlərdə həmin qüvvələr Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün yenidən danışıqlar yolu ilə dəyişdirilməsindən, sülhün yenidən razılaşdırılmasından və hətta onu güc yolu ilə qəbul etdirməkdən danışırlar.
Bu isə birmənalı şəkildə təkcə müharibənin qapısını açmaq deyil, həm də onu qaçılmaz etmək deməkdir” – deyə Paşinyan bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, mövcud razılaşmaların yenidən nəzərdən keçirilməsi danışıqlar prosesinin tamamilə dağılmasına və yeni eskalasiyaya səbəb ola bilər.
“Bizim bu yol ayrıcını tarixi adlandırmağımızın səbəbi budur. Ermənistan və Azərbaycan arasında sülh var, biz bu sülhü təsdiqləmişik və bu o deməkdir ki, müharibənin qapısını möhkəm bağlamışıq.
İndi isə mənim qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışır və bu, Ermənistan Respublikasının təhlükəsizliyi üçün taleyüklü təhlükədir.
Üstəlik, təminatçılardan danışarkən mənim üçün də, istənilən obyektiv müşahidəçi üçün də aydındır ki, bu ritorika sadəcə olaraq bölgəmizə və ölkəmizə sülhməramlıların daxil olması üçün qapı açır.
Sülhməramlıların fəaliyyəti hansı nəticələrə gətirib çıxarıb, hamımız bunu öz gözlərimizlə görmüşük. Eyni quyuya ikinci dəfə düşməyi təklif edən qüvvələr birmənalı şəkildə rədd edilməlidir” – deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh ağır itkilər bahasına əldə olunub və xarici təminatçılara deyil, öz gücünə əsaslanaraq onu qorumaq lazımdır.
.
“Ermənistan və Azərbaycan arasında sülhü biz ağır itkilər bahasına əldə etmişik, lakin tarixdə yeni mərhələyə daxil olmuşuq, burada yaşamaq uğrunda mübarizə gündəliyini inkişaf gündəliyi ilə əvəz etmişik.
Sülhün yenidən nəzərdən keçirilməsinə çalışan hər kəs bizi inkişaf dövründən yenidən yaşamaq uğrunda mübarizə mərhələsinə qaytarır.
Tariximiz göstərib ki, belə hallarda biz çox vaxt öz vətənimizdə deyil, öz dövlətimizdə deyil, xarici ölkələrdə yaşamaq məcburiyyətində qalmışıq.
Buna görə də sülhün yenidən nəzərdən keçirilməsi gündəliyi ilə çıxış edənlər xarici dövlətlərin emissarlarıdır. Mənim heç bir şübhəm yoxdur ki, 2026-cı il parlament seçkilərində Ermənistan xalqı sülhün tərəfində olacaq.
Ermənistan Respublikası sülhün tərəfində olacaq, çünki bu sülh onun öz yaratdığı sülhdür — öz əzabları, itkiləri, təcrübəsi və yenidən dərk etməsi bahasına əldə olunmuş sülh” – deyə Paşinyan yekunlaşdırıb.







