BaşlıcaSiyasət

Paşinyan: “Ermənistan balanslaşdırılmış xarici siyasət yürüdür və iqtisadiyyatı addım-addım şaxələndirmə yoluyla inkişaf etdirməyə çalışır”

Ermənistan hakimiyyəti balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət həyata keçirir. Alınan məlumata görə, bu barədə Yerevanda gəzinti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlardan birinin sualını cavablandırarkən bildirib.

“Biz balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət həyata keçiririk. Bu siyasət nə deməkdir? Bunun mənası odur ki, heç bir münasibət tarazlıqdan çıxmamalıdır.

 Yəni biz heç bir ölkə və ya beynəlxalq subyektlə qeyri-balanslı münasibətlərə malik olmamalıyıq” – deyə Baş nazir bildirib.

Vətəndaşın Rusiyanın Ermənistan üçün dost ölkə olmadığı, lakin Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərdə problem yarada biləcək bəyanatlar verməməli olduğu, xüsusilə də Ermənistandan Rusiyaya ərzaq ixracı məsələsində çətinliklər yarana biləcəyi barədə fikrinə cavab olaraq Paşinyan deyib:

“Siz deyirsiniz ki, Rusiya bizim dostumuz deyil, mən bununla razı deyiləm. Rusiya bizim dostumuzdur, Avropa Birliyi bizim dostumuzdur.

Diplomatiya dərsliklərindən bilirik ki, “əbədi dostlar və düşmənlər yoxdur, əbədi maraqlar var”. Biz bunu diplomatik praktikaya əsaslanaraq belə ifadə etmişik: ‘”dostlar və düşmənlər yoxdur, əməkdaşlıq var”.

Qeyd etməliyik ki, 2018-ci ildən sonra yaranmış elə bir problem yoxdur ki, əvvəllər mövcud olmasın. Biz işləyirik və bu məsələ gündəliyimizdədir. Həm də çalışırıq ki, çox kəskin addımlar atmayaq, kəskin qiymətləndirmələr verməyək, çünki nəticədə qaşı düzəltmək istəyərkən gözü də çıxarmaq olar” – deyə Baş nazir bildirib.

Nikol Paşinyan əlavə edib ki, son vaxtlar onun səsləndirdiyi “müstəqillik az sayda ölkədən asılılığı çox sayda ölkədən asılılıqla əvəz etməkdir” tezisi də bununla bağlıdır.

“Biz addım-addım iqtisadiyyatı şaxələndirmək yoluyla irəliləyirik” – deyərək Nikol Paşinyan vurğulayıb.

Daha çox göstər
Back to top button