BaşlıcaSiyasət

Paşinyan: KTMT müşahidəçilərini göndərməli olduğumuzu deyəndə, söhbət Ermənistanda xarici hakimiyyət rejiminin qurulmasından gedirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanı, iş adamı, “Taşir” şirkətlər qrupunun qurucusu Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı Ermənistanı forposta çevirmək planlarında ittiham edib.

Alınan  məlumata görə, Paşinyan bu haqda Yerevanda partiya üzvləri ilə görüş zamanı deyib.

“Guya güclü müxalifətçilər sülh gündəliyi ilə bağlı nə deyirlər? Bu adamlar yenidən danışıqlar aparmaqdan, güc yolu ilə sülh diktə etməkdən danışırlar.

Onlar deyirlər ki, bu sülhü qəbul etməyəcəklər, yəni sülhü legitim saymırlar, bu isə sentyabrda müharibə deməkdir. Onların dediyi yenidən danışıqlar mümkün deyil, çünki bugünkü geosiyasi vəziyyət buna imkan vermir.

 Təsəvvür edirsinizmi, bütün dünya bu sülhü alqışlayır, birdən Ermənistan desin ki, bir dəqiqə, bizim yenidən danışmalı olduğumuz məsələlər var – bu təkcə müharibə deyil, bu fəlakətdir.

Bu insanların məqsədi – Tsarukyan, Koçaryan, Karapetyan – minimum halda Ermənistanın forpost halına salınmasıdır. Onlar anlamırlar ki, Ermənistanın dövlətçiliyinin sonunun başlanğıcını qoymaq istəyirlər və bu, aylarla davam edə bilər. Xatırlayırsınız, KTMT müşahidəçilərini gətirək deyəndə bu nə demək idi? Bu, Ermənistanda xarici idarəetmə rejimi qurmaq demək idi. Biz bu söhbəti dayandırdıq” – deyə Paşinyan bildirib.

O, əlavə edib ki, 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticəsi müxalif qüvvələrin bu narrativinin və həmin siyasi qüvvələrin siyasi sonunu göstərəcək.

“7 iyun seçkiləri Rusiyada yaşayan oliqarxları, Belarusiyameylli oliqarxları və emissarları kökündən silmək, həmçinin xalqın sülh gündəliyinə sahib çıxması haqqındadır.

Mən görürəm ki, xalq artıq sülh gündəliyinə sahib çıxıb, sadəcə 7 iyunda gedib bunu de-yure təsdiqləməlidir” – deyə Baş nazir bildirib.

2022-ci ilin sentyabrında Azərbaycan Ermənistanın suveren ərazilərinə qarşı hərbi əməliyyatlar başladanda Ermənistan KTMT üzvü kimi təşkilata müraciət etmişdi.

 Lakin KTMT-nin reaksiyası gecikmiş, daha sonra isə Ermənistanda KTMT müşahidəçilərinin yerləşdirilməsi təklif olunmuşdu, Ermənistan isə bunu rədd etmişdi.

Baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistanın tələbi odur ki, KTMT əvvəlcə Azərbaycanın hərbi əməliyyatlarına siyasi qiymət versin, sonra isə nəticələri aradan qaldırmaq üçün addımlar atsın.

 Bundan sonra Ermənistan KTMT-də üzvlüyünü dondurduğunu da açıqlamışdı.

Daha çox göstər
Back to top button