
Avropa Birlyinə üzv ölkələrin Xarici işlər nazirləri keçən həftə Ermənistana hibrid təhdidlərə qarşı çevik reaksiya qrupunun göndərilməsinə yaşıl işıq yandırıblar.
Bu barədə “Azadlıq” radiosunun Brüsseldəki mənbələri məlumat verir.
Daha öncə məlum olmuşdu ki, Xarici işlər naziri Ararat Mirzoyan 7 iyun tarixində keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid təhdidlərin qarşısını almaq məqsədilə məktubla Avropa Birliyinə müraciət etmişdi.
Bu yeni missiya 9-14 nəfərdən ibarət olacaq və onların vəzifəsi xarici informasiya manipulyasiyaları və müdaxilələri, həmçinin kiber təhdidlərlə mübarizə aparmaqdır.
“Azadlıq” radiosunun əldə etdiyi çevik reaksiya missiyasının bəyanatına görə, Ermənistan intensiv hibrid əməliyyatlarla üz-üzədir və bu əməliyyatların seçki ərəfəsində kəskinləşmə ehtimalı olduqca yüksəkdir.
Missiyanın martın sonu və ya aprelin əvvəlində 10-15 iş günü müddətinə Ermənistanda yerləşdirilməsi gözlənilir.







