
Ermənistanın hazırkı hakimiyyəti başa düşüb ki, Qarabağ hərəkatı fonunda Ermənistan xarici geosiyasi maraqların qurbanlıq masasına qoyulub. Alınan məlumata görə, bu barədə ER Baş naziri Nikol Paşinyan Parlamentdə hökumət ilə sual-cavab sessiyası zamanı Ermənistan xəritəsi formasında olan döş nişanı ilə bağlı suala toxunarkən deyib.
“Mən şadam ki, biz bu yolu keçmişik və etiraf etməyə gücümüz var ki, Qarabağ hərəkatı fonunda biz öz ölkəmizi xarici geosiyasi maraqların qurban kəsilən yerinə qoymuşuq.
Biz bunu çox gec başa düşdük. Elə siyasi qüvvələr var ki, bunu heç başa düşməyiblər və heç vaxt da başa düşməyəcəklər” — deyə Paşinyan bildirib.
Döş nişanı olan xəritəni göstərən Baş nazir qeyd edib ki, bu, Ermənistan xalqının öz təhlükəsizliyini, rifahını, azadlığını və hüquqlarını qorumaq üçün yaratdığı dövlət haqqındadır. Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir.
“Biz özümüz birbaşa və ya dolayısı ilə Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisini inkar edəndə, bununla sanki Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi olmadığını demişik.
Bunu dolayısı ilə demişik. Məhz bu səbəbdən, bu qavrayış məntiqi daxilində biz bir dövlət kimi suverenliyimizdən və müstəqilliyimizdən getdikcə daha çox qurban vermişik. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qayıtdığımız gündən isə saatbasaat daha suveren, daha müstəqil, daha təhlükəsiz və daha nüfuzlu bir beynəlxalq dövlətə çevrilmişik” — deyə Baş nazir vurğulayıb.
Xəritəni göstərərək o əlavə edib ki, bu, Ermənistanın suverenliyinin, müstəqilliyinin və dövlətçiliyinin rəmzidir.







