
Beynəlxalq münasibətlərdə heç bir ölkə kiminsə gözünə görə zəmanət götürmür. Alınan məlumata görə, bu haqda Parlamentdə hökumətlə sual-cavab zamanı Xarici işlər naziri Ararat Mirzoyan sülh prosesində zəmanətçilər mövzusu ilə bağlı müzakirələrə cavab verərkən deyib.
Mirzoyan qeyd edib ki, müxalifət son vaxtlar zəmanətçilər mövzusunu fəal şəkildə gündəmə gətirir.
“Son günlərdə müxalif qruplar zəmanət məsələsindən yapışıblar. Bundan əvvəl ümumiyyətlə sülhü qəbul etmirdilər, indi isə sülhdən danışırlar, amma zəmanətçilərlə” – deyə o, bildirib.
Mirzoyanın sözlərinə görə, beynəlxalq münasibətlərdə zəmanət verənlər həmişə öz maraqlarını rəhbər tuturlar.
“Soyuq hesablamalar dünyasında heç kim kiminsə gözünə görə zəmanət vermir, həmçinin öz hərbiçisinin qanını tökmür, xərclər çəkmir” – deyə nazir vurğulayıb.
O, əlavə edib ki, tarixdə hətta zəmanət verilmiş və imzalanmış razılaşmaların pozulduğu çoxsaylı hallar olub, bəzən isə məhz həmin zəmanətçilərin özü tərəfindən.
Mirzoyanın qiymətləndirməsinə görə, hazırda mövcud olan sülh artıq öz dayanıqlığını sübut edib və regional gərginlik şəraitində qorunub saxlanılır.
“Sülh o vaxta qədər qoruna bilər ki, hər iki tərəf üçün sərfəli olsun” – deyə o, qeyd edib.
Nazirin sözlərinə görə, Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır ki, bu da uzunmüddətli sülhün qorunmasına təkan verəcək.







