
Yerevanda Ermənistan Respublikası ilə Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirilib. Alınan məlumata görə, bu barədə Ermənistan Xarici İşlər nazirliyi məlumat yayıb.
Hökumətlərarası komissiyaya Ermənistanın Xarici işlər nazirinin müavini Vahan Kostanyan və Macarıstanın xarici işlər və ticarət üzrə dövlət katibi Tristan Azbey həmsədrlik ediblər.
Maraqlı nazirlik və qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda hər iki ölkənin iqtisadi imkanları təqdim olunub.
Tərəflər ticarət-iqtisadi əməkdaşlıq, energetika, su ehtiyatları, səhiyyə, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət sahələrinə dair əsas məsələləri ətraflı müzakirə ediblər.
Konstruktiv mühitdə keçirilən görüşdə hökumətlərarası komissiyanın gələcək addımları müəyyənləşdirilib, əməkdaşlıq proqramlarının həyata keçirilməsi və sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində planlar qurulub.
Tərəflər qarşılıqlı olaraq Ermənistan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq potensialının tam reallaşdırılması üçün lazımi səyləri göstərməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.
İclasın nəticələrinə əsasən hökumətlərarası komissiyanın reqlamenti və ilk iclasın protokolu imzalanıb.
Həmin gün Xarici işlər nazirinin müavini Vahan Kostanyan Macarıstanın xarici işlər və ticarət üzrə dövlət katibi Tristan Azbey ilə işçi görüş də keçirib.
Görüş zamanı Ermənistan və Macarıstan arasında ikitərəfli münasibətlərin müsbət inkişafı vurğulanıb, siyasi dialoqun davamlılığı, birgə səylərlə sahəvi əməkdaşlığın inkişafı və insanlararası əlaqələrin daha da təşviqi önə çəkilib.
Nazir müavini Kostanyan “Hungary Helps” proqramı çərçivəsində Ermənistana göstərilən hədəfli dəstəyi yüksək qiymətləndirib.







