Polşanın “Telewizja Polska” (TVP) telekanalı ermənicə “VT Hayastan News” xəbər xidmətini işə salıb

Polşanın “Telewizja Polska” (TVP) telekanalı ermənicə “VT Hayastan News” xəbər xidmətini işə salıb. Bu xidmət Ermənistanda və xaricdəki erməni icmalarında ictimaiyyətin manipulyasiyalara və informasiya müdaxilələrinə qarşı müqavimət qabiliyyətini artırmaq məqsədini daşıyır.
Alınan məlumata görə, bu barədə Polşanın Xarici İşlər nazirliyinin rəsmi saytında yayılan məlumatda bildirilir.
Ermənicə xidmətin redaktoru, aparıcı Razmik Martirosyan təfərrüatlandırıb ki, layihə Avropa perspektivindən siyasi, sosial və iqtisadi hadisələri təqdim etmək, Ermənistanda Avropa Birliyi haqqında məlumatlılığın artırılmasına, habelə Polşa ilə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək məqsədini güdür.
“Ən böyük məqsəd kimi həm də dezinformasiyaya qarşı mübarizə və əsasən demokratik dəyərlərə diqqət yetirilməsi qeyd olunur”.
O, əlavə edib ki, “VT Hayastan News” Polşanın dövlət telekanalı TVP-nin Beynəlxalq Media Mərkəzinin tərkibində yaradılıb və ölkənin Xarici İşlər nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihənin missiyası həmçinin ictimaiyyətin manipulyasiyalara və informasiya müdaxilələrinə qarşı müqavimət qabiliyyətinin artırılması, Ermənistana və onun tərəfdaşlarına yönəlmiş dezinformasiyaya qarşı mübarizədir.
Proqram həftədə beş gün efirdə olacaq, verilişlərin müddəti isə 18-20 dəqiqə nəzərdə tutulub.
Martirosyanın sözlərinə görə, verilişlərdə neytral yanaşma ilə Ermənistanın daxili-siyasi vəziyyətinə dair məlumatlar yer alacaq, plüralizm və çoxvektorluluq təmin olunacaq, həmçinin fakta əsaslanan xəbərlər təqdim ediləcək.
“VT Hayastan News” xəbər komandası erməni jurnalistlərdən ibarətdir: Razmik Martirosyan, Harutyun Voskanyan və Nune Gevorgyan.
Ermənicə verilişin redaktoru deyir: “Varşavadan işləyirik. Polşada hazırda 5 əməkdaşımız var, Ermənistanda isə daha 3-4 müxbirimiz fəaliyyət göstərir”.
“VT Hayastan News”un proqramları “Belsat” telekanalı ilə bazar ertəsindən cümə gününədək yayımlanacaq, qeyd edək ki, YouTube və Facebook-da da əlçatan olacaqdır.







