
Ermənistan və Türkiyə arasındakı iki sərhəd keçid məntəqəsi (Əlican – Akyaka) bir neçə ay ərzində istifadəyə verilə bilər.
Erməni tərəfi lazımi hazırlıq işlərini artıq başa çatdırıb, türk tərəfi isə yekun mərhələdədir.
Bu barədə Deutsche Welle yazır və qeyd edir ki, onilliklər sürən düşmənçilikdən sonra iki ölkə 1993-cü ildən bağlı olan sərhədin açılmasına çox yaxınlaşıb.
Məqalənin müəllifi yazır ki, sərhədin açılması Paşinyan üçün böyük siyasi qələbə olacaq. O, ardıcıl olaraq Ankara ilə münasibətlərin tənzimlənməsinə çalışır.
Əgər keçid məntəqələri iyunda keçiriləcək parlament seçkilərinədək istifadəyə verilsə, bu, onun xeyrinə mühüm arqumentə çevriləcək.
Paşinyan illərdir Türkiyə ilə yaxınlaşma və Qərbə inteqrasiya istiqamətində səylər göstərir.
Hal-hazırda iki ölkə arasında ticarət dolama yolla – Gürcüstanın ərazisindən həyata keçirilir və illik təxminən 300-350 milyon dollar təşkil edir.
Türk-Erməni İş Adamları Şurasının sədri Kaan Soyak əmindir ki, birbaşa əlaqə əmtəə dövriyyəsini bir milyard dollara çatdırmağa imkan verəcək.
Türkiyənin ən kasıb şərq vilayətləri sərhədin açılmasına böyük ümidlər bəsləyir. Yerli biznes ticarətin və turizmin, o cümlədən erməni diasporunun hesabına artımını proqnozlaşdırır.
Əlavə stimul həmçinin “Tramp dəhlizi”dir (Ermənistanın ərazisindən keçən avtomobil və dəmir yolu marşrutu) – bu dəhliz Azərbaycanı Naxçıvan, oradan da Türkiyə ilə birləşdirəcək.
Buna baxmayaraq, İrana qarşı müharibə prosesi ləngitmişdir. Yeni miqrasiya dalğası ilə bağlı qorxular sərhədin açılması ətrafında danışıqları əngəlləyir.







