AİHM jurnalist Xədicə İsmayıla görə Azərbaycanı 12 min avro cərimələyib

Aprelin 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın Azərbaycana qarşı şikayəti üzrə qərar qəbul edib. Məhkəmə onun barəsində tətbiq edilən ölkədən çıxış qadağasının Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğunu müəyyən edib.
İş Xədicə İsmayılın həbsdən şərti azadlığa buraxıldıqdan sonra üzərinə qoyulan ölkədən çıxış qadağası ilə bağlıdır.
Xədicə İsmayıl AİHM-ə müraciət edərək ölkədən çıxış qadağasının onun hüquqlarını pozduğunu bildirib. O, xüsusilə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə (ölkəni tərk etmək hüququ), eləcə də 8-ci (şəxsi həyat), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitələri) və 18-ci maddələrinə istinad edib.
AİHM əvvəlcə hökumətin şikayətin vaxtında verilməməsi ilə bağlı etirazını rədd edib və işi mahiyyəti üzrə araşdırıb.
Məhkəmə qeyd edib ki, jurnalistə tətbiq edilən səyahət qadağası onun ölkəni tərk etmək hüququna müdaxilə təşkil edir. Strasburq məhkəməsi qəbul edib ki, belə məhdudiyyətlər müəyyən hallarda ictimai asayişin qorunması və cinayətlərin qarşısının alınması kimi legitim məqsədlər daşıya bilər. Lakin bu tədbirin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığı ayrıca qiymətləndirilməlidir.
Məhkəmə vurğulayıb ki, şəxsin məhkum olunması və ya reabilitasiya olunmaması avtomatik olaraq onun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz; yerli məhkəmələr məhdudiyyətin proporsionallığını qiymətləndirməyib; qadağanın niyə zəruri olduğu konkret əsaslarla izah edilməyib; jurnalistin xaricə səfərinin onun üzərinə qoyulmuş öhdəlikləri necə poza biləcəyi göstərilməyib; onun təqdim etdiyi arqumentlər – peşə fəaliyyəti və ailə vəziyyəti – ümumiyyətlə nəzərə alınmayıb.
AİHM qeyd edib ki, yerli məhkəmələr avtomatik və formal yanaşma nümayiş etdirərək fərdi halları araşdırmayıb və ictimai maraqla fərdi hüquqlar arasında balans qurmayıb.
Bu səbəbdən məhkəmə belə nəticəyə gəlib ki, tətbiq edilən səyahət qadağası demokratik cəmiyyətin tələblərinə uyğun olmayıb.
AİHM jurnalistə 10 min avro maddi və mənəvi zərərə görə, 2 min avro isə hüquqi xərclərə görə kompensasiya təyin edib.
Qərara əsasən, Azərbaycan hökuməti bu məbləği üç ay ərzində ödəməlidir. Ödəniş gecikdirildiyi halda üzərinə əlavə faiz hesablanacaq.







