
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Prezidenti Vladimir Putin iyunun ikinci yarısında görüş keçirmək barədə razılığa gəliblər
Alınan məlumata görə, Baş nazir Nikol Paşinyan bu haqda jurnalistlərlə brifinq zamanı bildirib.
“Dediyim kimi, bu səfəri çox uğurlu hesab edirəm. Təkbətək görüşə gəlincə, biz artıq qarşıdakı görüşlər və tədbirlər barədə razılığa gəlmişik. Yüksək səviyyəli görüşün iyunun ikinci yarısında keçirilməsi barədə razılaşmışıq” – deyə Baş nazir bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan və Rusiya arasındakı münasibətlər konstruktiv transformasiya mərhələsindədir. “Mən bu prosesi müsbət qiymətləndirirəm və biz öz prinsipimizə sadiq qalacağıq.
Biz dostluq dialoqu məntiqindən kənara çıxmayacağıq və bu yolla davam edəcəyik” – deyə o əlavə edib.
Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa Birliyini birləşdirmək məsələsinə də toxunub. “Aİİ və AB istiqamətlərində apardığımız siyasətləri uyğunlaşdırmaq imkanı olduğu müddətdə biz bunu davam etdirəcəyik. Uyğunsuzluq yarandığı anda isə qərarları xalqla birlikdə qəbul edəcəyik” – deyə Baş nazir qeyd edib.
Ermənistanın Baş naziri əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə iyunun ikinci yarısında yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəliblər.







