BaşlıcaSiyasət

Aram Sarkisyan:  “Paşinyan Putinin təzyiqlərinə qarşı çıxdı, Baş nazirə xəbərdarlıq etmişəm: iki stulda oturmaq təhlükəlidir, Aİİ-dan çıxın”

“Respublika”  partiyasının sədri Aram Sarkisyan “Factor TV”-nin efirində Rusiyanın Ermənistana qarşı iqtisadi xəbərdarlıqları, xarici siyasət kursu və daxili siyasi qüvvələrin düzülüşü barədə danışıb.

O, Rusiyanın bəyanatlarını “təzyiq” kimi xarakterizə edib və vurğulayıb ki, bu təzyiqləri tarazlaşdırmaq üçün Parlamentdə Qərbpərəst siyasi qüvvənin olması zəruridir.

Rusiya rəsmilərinin “Ermənistan eyni vaxtda həm Aİ, həm də AİB üzvü ola bilməz” və “Moskva iqtisadi münasibətlərə yenidən baxa bilər” kimi bəyanatlarına toxunan Sarkisyan qeyd edib ki, bunlar artıq xəbərdarlıq deyil, birbaşa təzyiqdir:

“Bəli, bunlar artıq təzyiqə çevrilir. Elə təzyiqlərə çevrilir ki, Ermənistan Respublikasının baş naziri onlara açıq şəkildə qarşı çıxmaq məcburiyyətində qalır” — deyə o, bildirib və əlavə edib ki, mövcud şəraitdə “iki stulda oturmaq” siyasəti təhlükəli hal alır.

Aram Sarkisyan rəhbərlik etdiyi qüvvənin əsas siyasi məqsədini açıqlayıb: parlamentə qərbpərəst qütb kimi daxil olmaq. Onun fikrincə, bu, hakimiyyətə Rusiya təzyiqlərinə müqavimət göstərmək üçün rıçaq verəcək:

“Əgər biz Parlamentdə Qərbi təmsil edən müəyyən bir qanad və qütb kimi olsaq, belə suallar və təzyiqlər qarşısında Nikol Paşinyan və ya Ermənistanın Baş naziri kim olursa-olsun, deyə bilər ki, parlamentdə öz ardıcılları və ictimai dəstəyi olan bir qərbpərəst qanad var, onlar öz proqram və planlarını irəli sürürlər və baş nazir bunu balanslaşdırmağa borcludur”.

Sarkisyanın sözlərinə görə, hazırda parlamentdə yalnız “balanslaşdıranlar” və “ruspərəstlər” var ki, bu da hakimiyyəti zəif və yaralı vəziyyətə salır.

Rusiyanın qazın qiymətini həqiqətən qaldıracağı təqdirdə nə baş verəcəyi ilə bağlı suala cavab verən Sarkisyan Ermənistanın tək qalmayacağına əminliyini ifadə edib:

“Birincisi, ruslar sərt addımlar atmayacaqlar, çünki özləri daha çox itirirlər və onların da itirəcəyi şeylər var. Onlar regiondan kənarda qalırlar”.

Alternativ olaraq o, Moldovanın nümunəsini misal çəkib. Rusiyanın qaz qiymətlərini artırmasından sonra Avropa yerli əhalini subsidiyalaşdırıb:

“Qazın qiymət artımı Moldovada olduğu kimi subsidiyalaşdırılacaq. Avropa qaz qiymətlərinin subsidiyalaşdırılması üçün Moldovaya birbaşa bir milyard yardım edib”\”.

O, həmçinin Gürcüstan nümunəsini xatırladıb: Rusiya bazarı bağlandıqdan sonra Gürcüstan şərabı Avropa bazarlarında öz yerini tapdı və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Aram Sarkisyan ruspərəst mövqedə olan xadimlərin və onların ailələrinin gələcəklərini və kapitallarını Qərblə bağlaması fenomenindən də danışıb:

“Bu, şəxsiyyətin ikiləşməsidir. Yəni özləri başqa həyat yaşayırlar, amma xalqı idarə edə bilmək üçün onlara fərqli bir həyat diktə edirlər”.

O, buna misal olaraq “Lada” şirkətinin direktorunu göstərib: “Öz məhsulunu təriflədikdən sonra gedib ‘Mercedes’ə əyləşir”.

Mənbə: factor.am

Daha çox göstər
Back to top button