
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh Ermənistan hakimiyyətinin balanslaşdırma və balanslaşdırılmış xarici siyasət konsepsiyasının qəbul edildiyi andan başlayıb.
Verilən məlumata görə, Baş nazir Nikol Paşinyan bu barədə hakim “Mülki Müqavilə” partiyasının seçkiönü proqramını təqdim edərkən deyib.
Baş nazir əvvəlcə seçkiönü proqramda təsbit olunmuş balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasət haqqında müddəanı oxuyub:
“Balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasət öz səmərəliliyini göstərərək Ermənistan Respublikasının xarici mühitini sabitləşdirməyə imkan verdi.
Balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasət bir strategiya kimi mənimsəniləcək ki, onun əsas vəzifəsi xarici əlaqələrdə qeyri-mütənasibliyə yol verməmək və ya bu qeyri-mütənasiblikləri balanslaşdırmaq üçün alətlərə malik olmaqdır.
Balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasətdə regionallaşma əsas rol oynayır. Onun əsas məqsədi xarici dəstək olmadan şəxsi mühitində yaşamağı Ermənistan Respublikası üçün nəinki mümkün, həm də rahat etməkdir.
Bu mənada Gürcüstan, İran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişafı mühüm əhəmiyyət kəsb edir və partiya bu yolla gedəcək.
Bu kontekstdə regionun nəqliyyat infrastrukturunun tam açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun işə salınması regionda sülhü və əməkdaşlığı daha da möhkəmləndirməklə yanaşı, həm də onu Şərq-Qərb və Şimal-Cənub bağlılığının mühüm qovşağına — “Sülh qovşağı’na çevirəcək”.
Regionallaşmanın praktikaya tətbiqi üçün “3+3” formatının daha da inkişaf etdirilməsi vacib sayılır və Ermənistan buna töhfə verəcək. Rusiya Federasiyasının bu formatda iştirakı onu həm də ER-RF münasibətlərinin konstruktiv transformasiyası üçün əhəmiyyətli edir.
Ermənistan Respublikası həmçinin Mərkəzi Asiya, Yaxın Şərq ölkələri və Hindistanı nəzərdə tutan “Regionallaşma-2” konsepsiyasını qəbul edib.
Əvvəlki dövrdə digər ölkələrlə münasibətlərin inkişafı ilə yanaşı, Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələrin qurulması da əhəmiyyətli olub.
Bu istiqamət 2026-2031-ci illər ərzində yeni fəallıq qazanacaq.
Baş nazir xatırladıb ki, yaxın vaxtlara qədər Ermənistanın Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik münasibətləri yox idi:
“Biz bu ölkələrlə diplomatik münasibətlər qurduq və buna uyğun olaraq, seçkiönü proqramın bu bəndi ilk növbədə balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasətin səmərəliliyini qeydə alır.
Qeyd etmək lazımdır ki, sülh böyük ölçüdə biz özümüzə, regionumuza və dünyaya başqa rakursdan baxmağa başladığımız andan etibarən başlayıb və bu fərqli baxış konkret nəticələr gətirib” — deyə Ermənistanın Baş naziri qeyd edib.
O, vurğulayıb ki, Ermənistandakı siyasi müxalifətin bəzi nümayəndələri hakim qüvvəni və şəxsən onu tez-tez azərbaycanpərəst və türkparəst olmaqda ittiham edirlər:
“Bəs əslində nə baş verib və baş verir? Əslində baş verən budur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərdə biz həmişə üçüncü ölkələr vasitəsilə hərəkət etmişik, yəni deyəcəklərimizi və gündəmlərimizi 90 faizdən çox hallarda üçüncü ölkələr vasitəsilə müzakirə etmişik.
Və biz nəyi gördük? Obyektiv və subyektiv əsasları olan çox sadə bir şeyi: üçüncü şəxs vasitəsilə kiminləsə ünsiyyət quranda, sən heç vaxt əmin ola bilmirsən ki, sənin ismarıcların ünvan sahibinə düzgün çatdırılır və ya onun mesajları sənə çatdırılarkən dəqiqlik qorunur. Çünki üçüncü şəxsin öz təsəvvürləri, maraqları və qavrayışları ola bilər.
Regionumuzda uzun illər sülhün bərqərar olmamasının səbəbi də bu idi. Biz mövqeyimizi dəyişdik və dedik: əgər bizim Türkiyə və Azərbaycanla danışacaq sözümüz varsa —bu aşkardır — niyə danışmayaq?
Çünki mesajımızın ünvanına düzgün çatdığına və dəqiq cavab aldığımıza əmin olmağın yeganə zəmanəti budur. Yaxşı və ya pis, bu başqa məsələdir; əsas odur ki, kommunikasiyada deformasiyalar olmasın.
Sizi inandırmaq istəyirəm ki, kommunikasiya üçüncü şəxslər vasitəsilə olanda bu deformasiyalar həmişə olur.
Bəzən bu qəsdən, bəzən isə istəmədən baş verir, çünki uzaq ölkələrin qeydə almadığı regional mentalitet və qavrayış incəlikləri var.
Onilliklər, hətta əsrlərlə davam edən münaqişələrin olduğu belə vəziyyətlərdə hər bir xırda detal mühüm ola bilər. Biz sülhə məhz bu amili — yəni üçüncü şəxs vasitəsilə ötürülən mesajın hər iki istiqamətdə müəllifin istədiyi və ya nəzərdə tutduğu kimi çatdırılmadığını anlamaqla nail olmuşuq.
Məhz bizim bu fəaliyyət tərzimizin dəyişməsi bəzilərinə bizi və ya məni türkparəstlikdə və ya azərbaycanpərəstlikdə ittiham etməyə əsas verir.
Çünki onilliklər boyu bizim iş prinsipimiz belə olub: Türkiyəyə və ya Azərbaycana deyəcək sözümüz olanda mesajımızı çatdırmaq üçün hara zəng edək? Biz isə birbaşa ünsiyyətə üstünlük vermişik və verəcəyik, əlbəttə ki, üçüncü ölkələrin iştirakını istisna etmədən.
Elə gündəmlər var ki, orada üçüncü ölkələrin iştirakı lazımdır, zəruridir, çünki bu artıq ümumi gündəmdir. Lakin ikitərəfli münasibətlərdə biz kommunikasiyanı aktiv saxlamalıyıq və bu anlayış sayəsindədir ki, biz bu gün sülhə sahibik” — deyə Ermənistanın Baş naziri təfərrüatları bölüşüb.







