
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın hansı halda rəsmi olaraq Avropa Birliyinə —Birliyin tamhüquqlu üzvü olmaq üçün müraciət edəcəyini təqdim edib.
Verilən məlumata görə, Nikol Paşinyan bu mövzuya hakim “Mülki Müqavilə” partiyasının seçkiönü proqramını təqdim edərkən toxunub.
“2023-cü ildən Ermənistanda fəaliyyət göstərən AB mülki missiyası ölkəmizin şərq sərhədləri boyu sabitliyə öz töhfəsini verdi. 2024-cü ildə Ermənistana dəstək verən AB-nin “Dözümlülük və İnkişaf” proqramı qəbul edildi və icra olunur.
AB üzvü olan dövlətlər konsensus qərarı ilə Ermənistana “Avropa Sülh Fondu” çərçivəsində dəstək ayırdılar. 2025-ci ildə Ermənistan Respublikasının Avropa Birliyinə üzvlük prosesinin başladılması haqqında qanun qəbul edildi.
Ermənistan-AB vizaların liberallaşdırılması üzrə dialoq başladı, Ermənistana bu istiqamətdə fəaliyyət planı təqdim olundu. Ermənistan-AB təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələr start götürdü.
Həmin il Ermənistan-AB tərəfdaşlığının strateji gündəmi imzalandı. 2018-ci ildən Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi qüvvədədir.
Ermənistan Respublikası Avropa Birliyinə üzvlük meyarlarına tam cavab verənə qədər zəruri islahatların həyata keçirilməsini davam etdirəcək.
Ermənistan bu meyarlara cavab verdikdə, AB-nə üzvlük siyasi qərar məsələsinə çevriləcək və bu, AB-nin Ermənistanı qəbul etməyə hazır olub-olmamasından asılı olacaq.
Əgər bəli – Ermənistan Respublikası AB-nin tamhüquqlu üzvü olmaq üçün müraciət edəcək. Əgər yox — yuxarıda qeyd olunan islahatların həyata keçirilməsi Ermənistan Respublikası üçün strateji nailiyyət olacaq.
Çünki Ermənistan Avropa standartlarına tam cavab verən bir ölkəyə çevrilmiş olacaq”— deyə Paşinyan bildirib.
Avrasiya İqtisadi İttifaqı və Ermənistan münasibətləri və bununla bağlı hakim gücün seçkiönü proqramındakı müddəa barədə danışan Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti eyni zamanda həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa Birliyinin üzvü olmağın qeyri-mümkünlüyünü anlayır.
“Lakin Avropa Birliyi ilə yaxınlaşma, AB üzvlüyü meyarlarına cavab verməyə yönəlmiş islahatlar Avrasiya İqtisadi İttifaqına üzvlüklə bir araya sığdığı müddətcə, Ermənistan Respublikası Aİİ üzvü olaraq qalmağa davam edəcək və onun üzv ölkələri ilə ticarət-iqtisadi münasibətlərini inkişaf etdirəcək” — deyə ER Baş naziri vurğulayıb.







