
Yerevanda beynəlxalq “Plug and Play” şirkətinin startaplara dəstək proqramının üçüncü mərhələsi start götürüb. Layihə Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Tədbirdə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan, Parlamentin sədr müavini Hakob Arşakyan, nazir müavini Ruben Simonyan, həmçinin texnologiya sahəsinin nümayəndələri, beynəlxalq mentorlar və startap ekosisteminin əsas simaları iştirak ediblər.
Nazir Hayrapetyan iştirakçıları salamlayaraq proqramın başlaması münasibətilə onları təbrik edib və bu növ təşəbbüslərin Ermənistanın texnoloji ekosisteminin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Proqram çərçivəsində seçilmiş 18 startap üç aylıq “pre-akselerasiya” (hazırlıq) mərhələsində iştirak edəcək.
Məqsəd ideyaların təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış üçün hazırlıqdır. İştirakçılar təcrübəli beynəlxalq mentorlarla işləmək, praktiki biliklər və əlaqələr qazanmaq, həmçinin “Plug and Play”in qlobal şəbəkəsinə üzv olmaq imkanı əldə edəcəklər. Mərhələyə daxil edilən startaplar bunlardır:
Bleenk, FIGURINGS, Empy.ai, Tedly, abda AI, Inc., SafeGround Technologies, Salute AI, LexAI, Uray Technologies, Ethery Tech, JAN DIGITRUST, RUXEN, Megaladata, AgenticFi, BeeSync, Dhomie, Muvia Inc., BeautyFlo B.V.
Ermənistan Yüksək Texnologiyalar Sənayesi nazirliyi ilə “Plug and Play” arasındakı tərəfdaşlıq çərçivəsində 2024-cü ildən bəri proqramın iki mərhələsi uğurla icra edilib və bu mərhələlərə təxminən 40 startap cəlb olunub.
Təşəbbüsün əsas məqsədi yerli startap ekosistemini inkişaf etdirmək, beynəlxalq əlaqələri genişləndirmək və yerli komandaların rəqabət qabiliyyətini artırmaqdır.







