BaşlıcaSiyasət

ABŞ senatorları Meta və Alphabet-ə məktubla müraciət edərək Ermənistandakı seçkilər ərəfəsində Rusiyanın dezinformasiyasının qarşısını almağa çağırıblar

Keçən həftə ABŞ senatorları Cin Şahin və Tom Tillis Meta və Alphabet şirkətlərinə məktub göndərərək, onları 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya dezinformasiyasının qarşısının alınması üçün kifayət qədər resurs ayırmağa çağırıblar.

“Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, Rusiya Ermənistanın demokratik proseslərinin nəticələrinə təsir etmək üçün, o cümlədən Meta platformalarından istifadə etməklə öz Moldova strategiyasını yeniləyir.

Baş nazir Nikol Paşinyan qeyd edib ki, “Rusiyadan olan insanlar” müəyyən siyasi partiyaları dəstəkləməyə həvəsləndirilir.

Ermənistanın mötəbər vətəndaş cəmiyyəti qrupu olan “Məlumatlı Vətəndaşlar Birliyi”, Meta platformalarında qarşıdakı seçkilərlə bağlı manipulyativ məzmun yayan yüzdən çox səhifə aşkar edib.

Qrup həmçinin, məlumatlara görə rusiya-erməni oliqarxı tərəfindən yönləndirilən əlaqəli qeyri-etik davranışı qeyd edib.

Həmin şəxs Trampın birinci administrasiyası tərəfindən Konqresə təqdim edilən hesabatda “Rusiya Federasiyasında rejimə yaxınlığı ilə müəyyən edilən əhəmiyyətli xarici siyasi fiqur və ya oliqarx” kimi göstərilib” – deyə senatorlar Meta-ya ünvanladıqları məktubda yazıblar.

Həmçinin qeyd olunur ki, 2026-cı il iyun parlament seçkiləri Ermənistanın gələcəyini müəyyən etmək üçün vacibdir.

Çünki onlar çox güman ki, regional sülh təşəbbüslərinin və kommunikasiya layihələrinin nəticəsini, o cümlədən sülh danışıqlarının əsas komponenti olan “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” (TRIPP) baş planını müəyyən edəcək.

Senatorlar vurğulayıblar ki, heç bir xarici qüvvəyə Ermənistanın suveren qərarlarının nəticələrinə təsir etməyə icazə verilməməlidir.

“Ümid edirik ki, siz Moldovanı öz demokratiyasını xarici hücumlardan qorumaq üçün göstərdiyiniz səyləri indi Ermənistanın müvafiq qurumları ilə birlikdə yenidən tətbiq edəcəksiniz.

Biz Alphabet-i Ermənistan seçkiləri ərəfəsində Rusiya dezinformasiyasına qarşı mübarizə üçün kifayət qədər resurs ayırmağa çağırırıq”- deyə senatorlar Alphabet-ə ünvanladıqları məktubda bildiriblər.

 Onlar qeyd ediblər ki, Birləşmiş Ştatlar Ermənistanın demokratik prosesinin nəticələrinə münasibətdə qərəzsiz qalmalıdır, lakin xarici qüvvənin erməni xalqına öz iradəsini sırımağa çalışmasına göz yuma bilməzlər.

Daha çox göstər
Back to top button