Avropa Ermənistan, Azərbaycan və Türkiyə vasitəsilə Mərkəzi Asiya ilə səmərəli əlaqələr qurmaq istəyir

Avropa Birliyi Qara dəniz və Mərkəzi Asiya ilə nəqliyyat və enerji əlaqələrinin inkişafı üzrə yeni strategiya çərçivəsində Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı aktivləşdirməyi planlaşdırır.
Bu barədə Avropa komissarı Marta Kos AB Xarici İşlər Şurasının iclasından əvvəl bəyanat verib.
“Bu gün biz Avropa Komissiyasının Qara dəniz strategiyasının nə qədər əsaslı olduğunu görürük. Əlaqəlilik bu strategiyanın tərkib hissələrindən biridir.
Bunun çərçivəsində biz Ermənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropanı Mərkəzi Asiya ilə daha yaxşı bağlayırıq” — deyə o, qeyd edib.
Kos vurğulayıb ki, ticarət və energetika əlaqələrin əsas sahələridir. Onun sözlərinə görə, şimalda ticarət yolları Rusiya səbəbindən bağlıdır, cənub yolları isə İranla bağlı müharibə (gərginlik) səbəbindən dayandırılıb.
Xarici İşlər nazirlərinin görüşündən sonra o, həmçinin AB-nin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin müzakirə edildiyini bildirib.







