BaşlıcaSiyasət

Avropa Parlamentində seçkilər kontekstində Ermənistana qarşı hibrid təhdidlər müzakirə olunub

Avropa Parlamentində Ermənistanda keçiriləcək parlament seçkiləri kontekstində bu ölkəyə qarşı yönəlmiş hibrid təhdidlər mövzusunda müzakirələr aparılıb.

 Brüsseldəki  müxbirin verdiyi məlumata görə, “Hibrid təhdidlər və dezinformasiya: Ermənistan seçkilərində vətəndaş cəmiyyətinin rolu” başlıqlı tədbir zamanı avropalı rəsmilər və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri qeyd ediblər ki, Ermənistan regionda demokratik inkişafın mühüm, lakin hələ də zəif (yaralı) nümunəsi olaraq qalır.

Avropa Parlamentinin deputatı, Ermənistan üzrə daimi məruzəçi Miriam Leksmanın sözlərinə görə, hazırda AB-Ermənistan münasibətləri daha sıxdır və Ermənistan regionda müsbət nümunə kimi fərqlənir.

 Eyni zamanda, o, Rusiyanın müdaxiləsi və demokratiyaya qarşı yönəlmiş müxtəlif təhdidlərlə bağlı xəbərdarlıq edib.

Müzakirə iştirakçıları bildiriblər ki, Rusiya təsiri dezinformasiya, emosional manipulyasiyalar, sülh əleyhinə narrativlər və seçki proseslərinə qarşı inamsızlıq toxumu səpmək vasitəsilə təzahür edir.

“Məlumatlı Vətəndaşlar Birliyi” təşkilatının rəhbəri Daniel Ioannisyanın sözlərinə görə, Ermənistanda seçkiləri qorumaq üçün kifayət qədər mexanizmlər mövcuddur, lakin rusiyayönümlü qruplar ictimaiyyətdə seçkilərin saxtalaşdırılacağı təsəvvürünü yaratmağa çalışırlar.

Hüquqşünas Lusine Hakobyan isə vurğulayıb ki, Ermənistan vətəndaş cəmiyyəti kəskin qütbləşmiş mühitdə fəaliyyət göstərir.

 Burada bəzi iştirakçılar demokratik prosesləri müdafiə etməyə davam edir, digərləri isə rusiyayönümlü tezisləri tirajlayırlar.

Müzakirələrin sonunda vurğulanıb ki, 2026-cı il seçkiləri Ermənistanın demokratik gələcəyi üçün həlledici əhəmiyyət kəsb edəcək, Avropa Birliyinin daha böyük dəstəyi isə ölkənin müqavimət gücünün və demokratik institutlarının möhkəmlənməsində mühüm rol oynaya bilər.

Daha çox göstər
Back to top button