BaşlıcaEkonomika

David Xudatyan: “Metsamor Atom Elektrik Stansiyasında istismar müddətinin uzadılması proqramı üzrə tədbirlər həyata keçirilir”

Metsamor Atom Elektrik Stansiyasında (AES) hazırda istismar müddətinin uzadılması proqramı ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

 Ermənistan həmçinin bir neçə ölkədən yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı təkliflər alıb. Jurnalist  ilə söhbətində bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan mövcud AES-in fəaliyyət müddətinin uzadılması işlərinə toxunarkən bildirib.

“Hazırda atom elektrik stansiyası Ermənistanın enerji sistemindən ayrılıb, bu da o deməkdir ki, orada istismar müddətinin uzadılması proqramı ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Nəzərdə tutulan fasilə təxminən beş ay davam edəcək. Bu, istismar müddətinin uzadılması üzrə ən uzun proqramdır. Biz adətən hər il atom elektrik stansiyasını bir aydan qırx günədək müddətə ümumi enerji sistemindən ayıraraq tədbirlər proqramına aparırıq.

 Beş aylıq proqram normal məcrada davam edir, onun başa çatmasından sonra stansiyanın istismar müddəti uzadılacaq. Bizim təsəvvürümüz belədir ki, biz Metsamor AES-i yeni stansiyanın tikintisi başa çatana qədər enerji sistemində saxlamalıyıq” – deyə nazir bildirib.

Yeni AES-in tikintisinə gəlincə, Xudatyan vurğulayıb ki, Ermənistan hökuməti kiçik modulyar atom elektrik stansiyalarının tikintisi yolunu seçdiyini bəyan edib.

“Biz növ olaraq bunu seçmişik, lakin hansı modeli seçəcəyimiz və nəticədə hansı ölkənin təklifinə üstünlük verəcəyimiz məsələsində hələlik bu mərhələdə tələsmirik, çünki vaxtımız var.

Metsamor AES-in istismar müddətinin uzadılması proqramı bizə çox tələsməmək imkanı verir. Ümid edirəm ki, yaxın gələcəkdə modeli də müəyyənləşdirəcəyik və modelə uyğun olaraq podratçı şirkətlə razılığa gələcəyik.

Bundan sonra yeni AES həqiqətən Ermənistanın ən böyük tikinti meydançasına çevriləcək və bu statusu uzun müddət qoruyacaq, çünki söhbət bir neçə milyard dollarlıq investisiyalardan gedir” – deyə Xudatyan əlavə edib.

Ermənistanın yeni AES-in tikintisi ilə bağlı hansı ölkə ilə — Rusiya, yoxsa ABŞ ilə əməkdaşlıq edəcəyi sualına gəlincə, nazir bunun hökumətin seçəcəyi modeldən asılı olacağını vurğulayıb:

“Təkcə Rusiya və ABŞ-dan deyil, həm də Çin, Koreya və Fransadan təkliflərimiz var. Komandalarımız zərurət olduqda həmin ölkələrə gedərək yerindəcə onların təcrübəsini öyrəniblər. Texnologiya ümumilikdə çox köhnə deyil, sürətlə dəyişir, ona görə də qərar qəbul etməkdə hələ tələsmirik”.

Daha çox göstər
Back to top button