
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın fikrincə, 2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh Ermənistanın həm Ukrayna, həm də Yaxın Şərq münaqişələrindən qaynaqlanan çağırışlara və mənfi təsirlərə tab gətirmək imkanlarını genişləndirib.
Alınan məlumata görə, Qriqoryan bu fikirləri Yunanıstanda keçirilən “Delfi İqtisadi Forumu” çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı, Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hadisələrə və bunların Ermənistana təsirinə toxunarkən səsləndirib.
“Biz müharibənin (red. ABŞ, İsrail və İran arasındakı müharibə nəzərdə tutulur) yaxınlaşdığını görürdük. Biz təkcə ictimaiyyətə məlum olanları deyil, həm də digər hesabatlarda yer alan məlumatları görürük; orada hadisələrin gedişatının, bəlkə də aşkar şəkildə olmasa da, müharibəyə doğru getdiyi görünürdü” – deyə Armen Qriqoryan vurğulayıb.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, həm Ukraynadakı, həm də Yaxın Şərqdəki müharibənin Cənubi Qafqaz regionuna mənfi təsirini nəzərə alaraq, Ermənistan sülhün bərqərar olması istiqamətində fəal iş aparıb.
Qriqoryan qeyd edib ki, məhz həmin mənfi təsirləri mümkün qədər azaltmaq məqsədilə Ermənistan Azərbaycanla sülh sazişinin paraflanması və ümumiyyətlə, sülh istiqamətində addımlar atıb.
“Bu fəal iş və sülhə doğru irəliləyiş sayəsində biz Vaşinqton Sülh Bəyannaməsini və Azərbaycanla paraflanmış sülh sazişini əldə etdik ki, bu da regionumuza real sülh gətirdi.
Bu, həmçinin Ukrayna və Yaxın Şərq münaqişələrindən gələn və bizə mənfi təsir göstərən çağırışlara qarşı müqavimət qabiliyyətimizi artırdı” – deyə Qriqoryan bildirib.
O, həmçinin vurğulayıb ki, hazırda Ermənistan, bütün dünya kimi, Hörmüz boğazının bağlanmasının təsirlərini hiss edir və Ermənistan hökuməti bu təsirləri minimuma endirməyə çalışır.
Təhlükəsizlik Şurasının katibi bu kontekstdə Ermənistanla Azərbaycan arasındakı iqtisadi qarşılıqlı fəaliyyətin vəziyyətə təsirini də qeyd edib.
Belə ki, bu əməkdaşlıq nəticəsində Azərbaycandan Ermənistana neft məhsulları idxal edilir.
“Bunun nəticəsində Ermənistanda yanacağın qiymətləri aşağı düşmüşdü, lakin Hörmüz boğazının bağlanması səbəbindən qiymətlər yenidən qalxdı.
Hazırda yanacağın qiyməti keçən ilin oktyabr ayındakı göstəriciyə bərabərləşib, beləliklə, təsir mümkün qədər azaldılıb. Buna baxmayaraq, Ermənistanın kənd təsərrüfatı sektoru da bundan təsirlənir, buna görə də Ermənistan hökuməti fermerləri subsidiyalaşdırmaq məcburiyyətində qalıb” – deyərək Armen Qriqoryan qeyd edib.







