Paşinyan: “Ermənistanda hər il ən azı 2 dünya ulduzunun konsertini təşkil etmək qərarına gəldik”

Ermənistan hökuməti hər il dövlət büdcəsi hesabına ən azı iki dünya səviyyəli ulduzun konsertini təşkil etmək barədə qərar qəbul edib.
Bu barədə Baş nazir Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının seçki proqramını təqdim edərkən bildirib.
Snoop Dogg konserti ilə bağlı yaşanan qalmaqallardan sonra hökumət ardıcıl davranaraq Yerevanda Cennifer Lopesin böyük konsertini təşkil edə bildi – deyə Paşinyan qeyd edib.
Bundan sonra hər il büdcədən müsabiqə yolu ilə vəsait ayrılacaq ki, dünya ulduzları Ermənistana gəlsin.
Xərclənən vəsaitin səmərəliliyi barədə tənqidlərə cavab olaraq, Baş nazir bildirib ki, bu tədbirlər ölkəyə çox sayda turist cəlb edir.
Hesablamalara görə, xərclənən pul turistlərin xərcləri vasitəsilə həm birbaşa büdcəyə, həm də kiçik və orta biznesə (taksi, otel və s.) geri qayıdır.
Bu strategiyanın əsas məqsədi Ermənistanın imicini yaxşılaşdırmaq və illik turist sayını 3 milyona çatdırmaqdır.







