
“Qarşıdan gələn parlament seçkiləri Ermənistan üçün siyasi qüvvələr arasında deyil, iki istiqamət arasında seçim olacaq: ya Rusiyanın “quberniyası” olmaq, ya da suveren dövlət qalmaq uğrunda mübarizə aparmaq”.
Siyasi şərhçi Stepan Qriqoryan “Factor TV”-nin efirində belə bir qiymətləndirmə ilə çıxış edib.
Onun sözlərinə görə, Avropa Birliyinin yeni mülki missiyası seçki proseslərinə qarşı yönəlmiş Rusiya hibrid təhdidlərindən qoruyan bir qalxandı.
Rusiyayönümlü müxalif qüvvələrin Kremlin müdaxiləsi məsələsində susması isə onların “aşağı müstəqillik” dərəcəsindən xəbər verir.
Stepan Qriqoryan Ermənistan hökumətinin AB-nə müşahidə missiyası göndərilməsi xahişi ilə müraciət etmək qərarını alqışlayaraq bunu “düzgün qərar” adlandırıb.
Onun fikrincə, bu addım xaricdən, xüsusən də Rusiyadan gələn real təhdidlərlə bağlıdır.
“Biz görürük ki, xaricdən və ilk növbədə Rusiyadan məhz seçkilərlə bağlı təhdidlər gəlir, öz media vasitələri ilə yalanlar yayır, manipulyasiya edirlər.
Aydın idi ki, bunun qarşısını almaq lazımdır” – deyən politoloq əlavə edib ki, Rusiyanın Ermənistan vətəndaşlarından ibarət qrupları seçkilərdə istiqamətləndirilmiş səsverməyə göndərmək üçün necə hazırladığına dair əsaslandırılmış faktlar var.
Qriqoryan əmindir ki, AB missiyasının məqsədi məhz həmin təhlükələrin qarşısını almaqdır: “Missiya məhz bizim seçki sistemimizi, demokratiyamızı qorumaq üçündür. Onlar bizə bu və ya digər təhlükənin qarşısını necə almaq barədə məsləhətlər verəcəklər”.
Rusiyayönümlü müxalifət düşərgəsinin “AB Ermənistanın daxili işlərinə qarışır” şəklindəki tənqidlərinə toxunan Stepan Qriqoryan, həmin qüvvələrin Vladimir Putinin açıq müdaxiləsinə niyə susduğunu bir amillə əlaqələndirib:
“Mən bunu müstəqillik dərəcəsi ilə əlaqələndirirəm. Bu qüvvələrin, üç əsas oyunçunun Kremldən müstəqillik dərəcəsi, mənim fikrimcə, çox aşağıdır”.
Politoloqun sözlərinə görə, bu qüvvələr Putinin “Ermənistanda rusiyayönümlü xadimlərin seçkilərdə iştirakına niyə icazə verilmir” tipli bəyanatlarına susmaqla böyük imic itkisi yaşayırlar.
“Putinin müdaxiləsi birbaşa idi. Bundan daha güclü müdaxiləni mən təsəvvür edə bilmirəm. Əks halda, onlar belə bir şeyi deməyin sərfəli olmadığını başa düşərdilər”.
Stepan Qriqoryana görə, seçkilərin əsas məsələsi sosial-iqtisadi vədlər deyil, ölkənin inkişaf vektorudur. O, iki mümkün ssenari təqdim edib.
Birincisi, mövcud hakimiyyətin apardığı siyasətdir ki, çətinliklərə baxmayaraq, sülh və çoxvektorlu, balanslaşdırılmış xarici siyasət yolu ilə getməyə çalışır.
İkinci ssenari isə rusiyayönümlü qüvvələrin qələbəsidir ki, bunun da proqnozlaşdırılan nəticələri olacaq.
“Mənim fikrim budur ki, indi məsələ həll olunur: sən quberniya olacaqsan, yoxsa suverenliyin üçün mübarizə aparmağa çalışacaqsan?
Əgər rusiyayönümlü qüvvələr hakimiyyətə gələrsə, insanlar başa düşməlidir ki, bizi yenidən Rusiyanın əli altına salacaqlar. Bu, avtomatik olaraq quberniyaya çevrilmək və təəssüf hissi ilə deməliyəm ki, suverenliyin, Syünikin itirilməsi deməkdir.
Rusiya ağır vəziyyətdədir, ona ərazilər lazımdır, lakin o, öz ərazilərindən vermək istəmir. Onlar məsələləri Ermənistanın əraziləri hesabına həll etmək istəyirlər” – deyə Qriqoryan qeyd edib.
Politoloq həmçinin hibrid müharibə alətləri, xüsusən də dezinformasiya və süni intellekt vasitəsilə yaradılan saxtakarlıqların yayılması ilə bağlı narahatlığını ifadə edib.
O, vurğulayıb ki, yalan xəbərlərin təkzibini oxucuların yalnız cüzi bir faizi görür, bu isə informasiya manipulyasiyasını güclü silaha çevirir.
Bu şəraitdə, onun sözlərinə görə, vətəndaşlar daha ayıq olmalı, emosiyalarla deyil, yoxlanılmış məlumatlarla hərəkət etməlidirlər. “Seçkilərə qədər əsas odur ki, o vaxta qədər dinlədiyiniz, inandığınız insanları və ya etibar etdiyiniz media vasitələrini izləyəsiniz. Mötəbər mənbələri təqib etmək lazımdır” – deyərək Stepan Qriqoryan yekunlaşdırıb.
Mənbə factor.am.







