BaşlıcaSiyasət

Vizaların liberallaşdırılması, təhlükəsizlik, iqtisadi inkişaf, qarşılıqlı əlaqə: Ermənistan-AB əməkdaşlığının 4 prioriteti

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, birinci Ermənistan-Avropa Birliyi  sammitinin nəticələrinə əsasən əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər üzrə əməkdaşlığın 4 prioritet istiqamətini təqdim edib.

Alınan məlumata görə, AK sədri bu barədə sammitin yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.

“Ermənistan uzun müddətdir ki, genişlənmiş Avropa ailəsinin dəyərli üzvüdür. 2018-ci ildəki dinc “Məxməri inqilab” ölkənizin Avropa dəyərlərinə — demokratiyaya, qanunun aliliyinə və fundamental dəyərlərə sadiqliyini nümayiş etdirdi.

Bu gün Ermənistana olan güclü dəstəyimizi bir daha təsdiqləmək istəyirəm” — deyə o, bildirib.

O, əməkdaşlığın dərinləşdirilməsi üçün 4 əsas istiqaməti qeyd edib:

Qarşılıqlı əlaqə (Connectivity): Yeni imzalanmış tərəfdaşlıq sənədi əməkdaşlığı yeni səviyyəyə qaldırır. “Sülh kəsişməsi” (Peace Crossroads) təşəbbüsü Ermənistanı Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağına çevirmək potensialına malikdir.

AB Trans-Xəzər nəqliyyat dəhlizi kimi strateji layihələrdə Ermənistanın inteqrasiyasını dəstəkləyəcək.

Enerji sahəsi: Ermənistanda günəş enerjisinin inkişafı enerji təhlükəsizliyi üçün vacibdir. AB enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Qafqaz elektrik enerjisi şəbəkəsində enerji akkumulyatorlarının tikintisinə 25 milyon avro investisiya qoyacaq.

İnformasiya Texnologiyaları (İT): Ermənistan süni intellekt və mühəndislik sahəsində güclü ekosistemə malikdir. AB Avropa şirkətlərini burada investisiya qoymağa təşviq edir.

Təhlükəsizlik: Avropa Sülh Fondu vasitəsilə Ermənistan Silahlı Qüvvələrinə dəstək verilir. Həmçinin hibrid təhdidlərlə, dezinformasiya və manipulyasiyalarla mübarizədə Ermənistana kömək göstəriləcək.

Bundan əlavə, fon der Lyayen vizaların liberallaşdırılması prosesindəki müsbət irəliləyişləri qeyd edərək, FRONTEX ilə Ermənistan arasında sərhəd və miqrasiya idarəçiliyi sahəsində əməkdaşlığın gücləndiriləcəyini bildirib. İqtisadi dəstək çərçivəsində isə “Dözümlülük və Artım” proqramı ilə 2.5 milyard avro investisiya cəlb edilməsi gözlənilir.

Daha çox göstər
Back to top button