
Politoloq Mikayel Zolyan hesab edir ki, Ermənistanın siyasi meydanında mübarizə iki əsas istiqamətdə gedir: Ermənistanın öz resurslarına güvənməsi və xarici “böyük qardaşın” müdaxiləsini gözləmək.
O, qeyd edib ki, rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlmək üçün real şansları yoxdur və Kremlin əsl məqsədi Ermənistanda öz maraqlarını qoruyan güclü bir müxalifət meydanı formalaşdırmaqdır.
Politoloqun fikrincə, rusiyayönümlü qüvvələrin əsas problemi ondan ibarətdir ki, erməni cəmiyyətində Rusiya obrazı artıq müstəmləkəçi kimi qəbul edilməyə başlayıb.
“Bu, Rusiya imperiyasıdır ki, müxtəlif adlarla çıxış edə bilər — SSRİ adı ilə, Rusiya Federasiyası adı ilə… Lakin hər halda, bu, bizi manipulyasiya edərək suverenliyimizdən məhrum edən, hisslərimizlə və tarixi travmalarımızla oynayaraq bizi alətə çevirən bir imperiyadır”.
Zolyanın inancına görə, Kreml rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsinin hazırda real olmadığını anlayır və real məqsədlər başqadır.
Parlamentdə yer tutmaq: “İlk növbədə, bu qüvvələrin parlamentə daxil olması və orada Rusiyanın maraqlarını qoruyacaq ciddi bir müxalifət kəsimi yaratması realdır”.
Avropayönümlü qüvvələri sıxışdırıb çıxarmaq: “Məqsəd parlamentə Paşinyanı əks tərəfdən tənqid edəcək daha çox avropayönümlü qüvvələrin girməsinə imkan verməməkdir”.
Mümkün çevrilişin legitimləşdirilməsi: “Gələcəkdə istər küçə hərəkatı, istərsə də hərbi yolla yeni bir çevriliş etməyə çalışsalar, parlamentdə bu cür çevrilişlərə legitimlik qazandıracaq rusiyayönümlü qüvvələrin olması çox vacibdir”.
Seçkilərin legitimliyini şübhə altına almaq: “Kreml Ermənistan hökumətini zəiflətmək və ikitərəfli münasibətlərdə Ermənistanın mövqelərinin daha zəif olması üçün seçkilərin legitimliyini sual altına qoymağa çalışa bilər”.







