
Verilən məlumata görə, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bu barədə “Yerevan dialoqu” beynəlxalq Forumu çərçivəsində keçirilən müzakirə zamanı iştirakçılardan birinin müşahidəsinə cavab verərkən deyib.
Həmin iştirakçı qeyd edib ki, Azərbaycan artıq paraflanmış sülh sazişinin imzalanması üçün şərt olaraq Ermənistanın öz Konstitusiyasını dəyişməsini tələb edir.
“Belə bir tələb yoxdur. Hansı mənada yoxdur deyirəm — o mənada ki, danışıqların ikitərəfli gündəmində belə bir mövzu yoxdur.
Amma bu onların anlayıçşıdır, onlar belə deyirlər. Mən eşitmişəm ki, onlar Konstitusiyanı dəyişməsək, sazişi imzalamağa hazır olmadıqlarını deyirlər.
Lakin biz hesab edirik ki, Konstitusiya Ermənistanın daxili işidir. Yəqin ki, bizdə Konstitusiya ilə bağlı referendum keçiriləcək, lakin bu, beynəlxalq tərəfdaşlarla müzakirə mövzusu deyil” – deyə Mirzoyan bildirib.
Ermənistan və Azərbaycan 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar. Ermənistan bundan sonra bəyan edib ki, sazişi istənilən vaxt imzalamağa hazırdır, lakin Azərbaycan tərəfi sazişin imzalanması üçün ilkin şərt olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini irəli sürür.







