
ER Xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan hakimiyyətinin xarici siyasətlə bağlı qərar qəbul edərkən xaricdəki ermənilərin rəyini nə dərəcədə nəzərə aldığı sualına toxunub.
Alınan məlumata görə, Ararat Mirzoyan bu mövzuya “Yerevan Dialoqu” beynəlxalq forumu çərçivəsində keçirilən müzakirə zamanı moderatorun müvafiq sualını cavablandırarkən toxunub.
“Bəli, bizim böyük bir erməni Spyurkumuz (diasporumuz) var, bəli, bu mühüm vasitədir, onlar bizim həmvətənlərimizdir, lakin hamımız başa düşməliyik ki, onlar müxtəlif ölkələrin vətəndaşlarıdır və onların baxışları digər ölkələrdə yaşayan ermənilərin rəyləri ilə birbaşa üst-üstə düşməyə bilər.
Məsələn, əmin deyiləm ki, Avstraliya, Böyük Britaniya və ya ABŞ-da yaşayan ermənilərin maraqları və mənfəətləri Rusiyada yaşayan ermənilərin maraqları ilə üst-üstə düşə bilər.
Və daha vacib olan bir məqam: əmin deyiləm ki, xaricdə yaşayan ermənilərin maraqları və mənfəətləri Ermənistanda yaşayan ermənilərin maraqları, ehtiyacları və mənfəətləri ilə üst-üstə düşə bilər.
Biz çox səmimi müzakirə aparırıq, mən də səmimi olacağam: biz başa düşməliyik ki, diasporun əhəmiyyətli bir hissəsi Erməni Soyqırımından sağ çıxanların nəsilləridir, onlar qaçmalı, sığınacaq tapmalı və öz varlıqlarını bu yerlərdən çox uzaqlarda təmin etməli idilər.
Buna görə də bir çox Spyurk (diaspora) ermənisi daha böyük bir Ermənistan, “Tarixi Ermənistan”, şanlı və zəngin keçmişi olan bir Ermənistan görmək istəyir, lakin bu gün bu, sadəcə bir xəyaldır, bu, real Ermənistan deyil.
Biz bu gün bu konkret regionda, bu konkret qonşularla yaşayırıq və növbəti onilliyimizi, əsrimizi, minilliyimizi qonşularımızla döyüşərək keçirmək, döyüş meydanında daha çox qurban vermək, münaqişə səbəbindən bəzilərinin Ermənistanı tərk edib başqa ölkələrdə həll yolları tapması nəticəsində daha böyük itkilər vermək istəmirik” – deyə Mirzoyan bildirib və qeyd edib ki, bu baxımdan Ermənistanda yaşayan ermənilərin baxışları və ehtiyacları digər ölkələrdə yaşayanların rəylərindən fərqli ola bilər.
Mirzoyanın sözlərinə görə, bu, dərindən müzakirə edilməli, başa düşülməli və həlli tapılmalı olan maraqlı və vacib məsələdir. “Tamamilə əminəm ki, bu həll artıq formalaşmaqdadır.
Mən Spyurk ermənilərindən getdikcə daha çox siqnallar görürəm ki, onlar real Ermənistanın nəyə ehtiyacı olduğunu başa düşməyə başlayırlar, Spyurkdan daha çox dəstək səsləri eşidirik” – deyə Ermənistan XİN rəhbəri yekunlaşdırıb.







