
Türkiyə Fransa prezidenti Emmanuel Makronun Yerevana səfərindən sonra Türkiyə-Ermənistan quru sərhədini keçmək üçün icazə istədiyi barədə məlumatları təkzib edib. Ölkənin Xarici İşlər Nazirliyindəki mənbə iddiaları “yalan” adlandıraraq, “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini istənilən ölkənin daxili siyasəti üçün bir vasitəyə çevirmək” barədə xəbərdarlıq edib.
Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi Anka xəbər agentliyinə bildirib ki, xəbərlər yalandır.
“Sərhəd açılanda Türkiyə kimin keçə biləcəyinə, kimin keçə bilməyəcəyinə qərar verəcək. Biz bu cür müzakirələrə vaxt itirmək istəmirik. Biz istəmirik ki, Türkiyə-Ermənistan normallaşdırma prosesinin istənilən ölkənin daxili siyasəti üçün istifadə edilən müzakirəyə çevrilsin”, – deyə rəsmi bildirib.
Bu təkzib, Visegrad 24-ün “Makronun uzun müddət bağlı olan sərhəd vasitəsilə Ermənistandan quru yolu ilə Türkiyəyə girməyi planlaşdırdığı və Ankaranın əvvəlcə icazə verdiyi, lakin Prezident [Rəcəb Tayyib] Ərdoğanın bu tələbi qəti şəkildə rədd etdiyi” iddiasından sonra yayılıb.
Qeyd edilib ki, bu keçid icazə verilərsə, “üçüncü tərəf tərəfindən asanlaşdırılan misli görünməmiş simvolik açılış” olacaq. Əslində, bu məlumat əvvəllər Azərbaycan mediası tərəfindən yayılmışdı.
Yerevanda olan Makronun Ərdoğanla görüşmək üçün bağlı quru sərhədi vasitəsilə Türkiyəyə gedərək siyasi simvolik bir jest etməyi planlaşdırdığı bildirilirdi. AZfront-a bir neçə məlumatlı mənbə bildirib ki, səfər əvvəlcədən bəzi Türkiyə rəsmiləri ilə razılaşdırılıb.
Bu, Makronun Yerevanda Ermənistan, Azərbaycan və Türkiyə arasındakı sərhədlər də daxil olmaqla, bütün regional sərhədlərin açılması ilə bağlı açıq çağırışından sonra baş verib.
“Sərhədlər açılmalıdır, bütün sərhədlər və onlar tam açılmalıdır. Bu, tam iqtisadi imkanlar açacaq və Cənubi Qafqazda imperiya münaqişələri deyil, sülhə gedən yolları təmin edəcək”, Makron Yerevan Dialoq Forumunda bildirib.







